"Müsavat və AXCP bu gündən bizi qəbul etmirlərsə, biz də onları dünəndən tanımır və qəbul emirik"
Bütün Xəbərlər
00:37 24.08.2011
1581
Müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur . - Sərdar bəy, "İctimai Palata" deyilən qurumun "yol xəritəsi" adlı layihəsinin perspektivinə necə baxırsınız?- Düşünürəm ki, "İctimai Palata"nın "yol xəritəsi" adlı layihəsinin əsas mahiyyəti Azərbaycanda ikipartiyalı siyasi sistem görüntüsü yaratmaqdan ibarətdir. Bu gün biz dünyanın demokratik ölkələrinin ümümi inkişafına nəzər salsaq görərik ki, ABŞ istisna olmaqla, dünyanın heç bir ölkəsində real ikipartiyalı siyasi sistem yoxdur. Fikrimcə, real ikipartiyalı siyasi sistem iki halda ola bilər. Burada ya dövlət özü əvvəlcədən mühacir dövlət olsun, ya da həmin dövlət demokratiyanın inkişafının zirvəsində olmalıdır. Yəni, həmin dövlət çoxpartiyalı siyasi sistemdən keçməlidir. Digər tərəfdən də, həmin dövlət yalnız öz iç siyasətindən yox, həm də dünya siyasəti ilə məşğul olmalıdır. İndiki halda isə, bu üç kriteriya Amerikaya cavab verdiyinə görə bu ölkədə ikipartiyalı sistem mövcuddur. Amma yerdə qalan inkişaf etmiş bütün demokratik ölkələrdə çoxpartiyalı siyasi sistem fəaliyyət göstərir. Çoxpartiyalı siyasi sistemdə hər hansı bir partiya ləğv olunursa, bu, təkpartiyalı siyasi sistemə keçidin qarşısını alır. Əgər demokratik müxalifət neytrallaşdırılsa, ortaya islam siyasi qüvvələri çıxacaq. İslamçıları da neytrallaşdırdıqdan sonra, yenidən ortaya üçüncü bir qüvvə çıxacaq. Ona görə də, biz bu plüralizmi qoruyaraq plüralizm uğrunda mübarizə aparmalıyıq. Burada AXCP və Müsavatın ən böyük günahı ölkədə ikiqütblü bir sistem ideyasını vermələridir ki, bu da, əslinə baxanda təkpartiyalı bir siyasi sistemə keçməyə xidmət edir. İkicisi, onların təklifləri Azərbaycanda demokratiyanın genişləndirilməsinə yox, məhdudlaşdırilmasına gətirib çıxara bilər. Burada diqqətlə fikir versəniz, görərsiz ki, sözügedən qurumun "yol xəritəsi" adlı layihədə daha çox hakimiyyət məsələləri ortaya qoyulur. Yəni, həmin layihədə cəmiyyətin özünün demokratikləşməsi məsələsi ortaya qoyulmur. Halbuki, cəmiyyətin özünün dəyişilməsinə gətirib çıxaran müddəalar qoymalıyıq ki, cəmiyyət özü-öz içindən öz hakimiyyətini müəyyənləşdirsin. "İctimai Palata" isə elə şərtlər irəli sürür ki, sanki həmin o şərtlər daxilində özünün hakimiyyətə gəlməsini və indiki hakimiyyəti dəyişilməsini irəli sürür. Cəmiyyətin isə dəyişilməsi qalıb bir qıraqda. Bir sözlə, "İctimai Palata" deyilən bir qurumun "yol xəritəsi" adlı layihəsində cəmiyyəti dəyişdirməyin heç bir müddəası yoxdur. Onların özləri 30 nəfərlik bir təşkilatın içində demokratiyanı genişləndirmək və onu bir nümunə olaraq ortaya qaymaq əvəzinə, orada elə müddəalar irəli sürürlər ki, həmin müddəalar əsasında Azərbaycanda avtoritar rejim yaradılmasına səylər göstərilir. Bu baxımdan, "İctimai Palata"nın "yol xəritəsi" adlı layihəsini ölkəmizdə demokratiyaya zərbə kimi dəyərləndirirəm.- Müxalifət partiyalarının əksəriyyəti "İctimai Palata"nın irəli sürdüyü ideyaları dəstəkləmədiyi halda, onların uğur qazanmaları nə dərəcədə real görünür?