Ötən gün zorakılıqlar nəticəsində azı 53 nəfərin öldürüldüyünü bildirilir
BMT və Ərəb liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyada rəsmi səfərdə olduğu müddətdə Bəşər Əsədə sadiq ordu qüvvələri etirazçılara qarşı əməliyyatları davam etdirib. Hüquq müdafiəçiləri ötən gün ölkə ərazisində baş verən zorakılıqlar nəticəsində azı 38 nəfərin, o cümlədən 15 əsgərin öldürüldüyünü xəbər verirlər. İtgilərin çoxu Homs və İdlib vilayətlərində qeydə alınıb.
Fəallar Homs şəhərinin ordu tərəfindən növbəti dəfə artileriya hücumlarına məruz qaldığını bildiriblər.
Bəşər Əsədə sadiq ordu qüvvələri isə Türkiyə sərhədləri yaxınlığında yerləşən Saraqəb şəhərində hərbi əməliyyatlar həyata keçirib. Fəallar 26 tankın şəhərə yeridildiyini və qiyamçıların olduğu güman edilən evlərə artileriya zərbələri endirildiyini xəbər verir. Hücumlardan sonra xeyli sayda ailə şəhəri tərk edib. Ordu qüvvələri və şəhərin müdafiəsinə qalxmış qiyamçılar arasında baş vermiş silahlı toqquşmada azı 9 hökümət əsgərinin öldürüldüyü bildirilir. Azad Suriya Ordusundan olan itkilər barədə heç bir məlumat verilmir.
Dubayın "Əl-Ərəbiyyə" kanalının müxalifətə istinadən yaydığı məlumatda, Suriya ordusunda xidmət edən helikopter pilotunun, Hələb şəhərində Əzəz adlı məntəqəni bombardman edilməsinə dair əmrə tabe olmayaraq, helikopterdən Suriya Təhlükəsizlik Nazirliyinin binasına atəş açdığı bildirilir. Hərbi sursatı tükənən pilot sonda Türkiyəyə qaçmalı olub. Suriya dövlət xəbər agentliyi (SANA) məlumatı təkzib edib, rəsmi Ankara isə məlumatı şərh etməyib.
Bu arada Azad Suriya Ordusunun başçısı polkovnik Riyad Əsəd müxalifətin hərbi şurasının yaradıldığını bəyan edib. Bu barədə "Frans Press" agentliyi xəbər yayıb. Keçmiş Suriya Hərbi Hava qüvvələri zabiti yeni şuranın Azad Suriya Ordusunun və general Mustafa Əş Şeyxin briqadasınının fəaliyyətinə rəhbərlik edəcəyini deyib. Hərbi Şuraya məhz Mustafa Əş Şeyx başçılıq edəcək. Bəyanatda şuranın təsis olunmasına dair müvafiq sazişin Türkiyədə bağlandığı və əsas məqsədin Bəşər Əsədə qarşı olan qüvvələrin birləşdirilməsi olduğu qeyd edilir.