Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin 214 səhifəlik “Böyük İpək yolu və Naxçıvan” kitabı çapdan çıxıb. AZXEBER.COM-un məlumatına görə, nəfis tərtibatı ilə seçilən kitab elmi yeniliyindən öncə həm də texniki yenilikləri ilə seçilir. Belə ki, kitaba əlavə olunmuş diskdə müəllifin özü tərəfindən səsləndirilən “Böyük İpək yolu və Naxçıvan” adlı film də yer alıb ki, bu da oxucuların bəhs olunan mövzu haqqında təsəvvürlərini daha da əyaniləşdirmək, eyni zamanda kitabda əks olunan elmi məlumatları daha rahat və qısa zamanda dinləmək üçün şərait yaradır. Kitabın əlavələr hissəsində yer alan müxtəlif tarixi xəritələr, fotoşəkillər də əyaniləşdirmənin ənənəvi metodlarının saxlanılması baxımından da diqqət çəkir. Kitabın elmi məsləhtçisi NDU-nun rektoru, akademik İ. Həbibbəyli, elmi redaktoru isə tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərlidir. Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi mədəni iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur. Qeyd edək ki, kitab müəllifi ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda İpək yolu tarixinin tədqiqi ilə bağlı keçirilən bir sıra beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Müəllifin mövzuya həsr olunmuş elmi əsərləri ingilis, rus, alman, fars, türk və koreya dillərində çap olunub.