Nazirlikdən kiçik biznes sahiblərinə dəstək: 50 nəfərə yeni avadanlıq verildi

Nazirlikdən kiçik biznes sahiblərinə dəstək: 50 nəfərə yeni avadanlıq verildi
SOSİAL
15:52 10.07.2026
274
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan növbəti "Həvəsləndirmə mükafatları" müsabiqəsinin qaliblərinə əlavə avadanlıqlar təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, artıq Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi zonaları üzrə 50-yə yaxın benefisiar qurduqları kiçik biznesləri genişləndirmək məqsədilə müxtəlif avadanlıqlarla təmin edilib.

Verilən aktivlər poliqrafiya, kiçik dərzi və dülgər sexləri, PVC qapı və pəncərə istehsalı, un məmulatlarının hazırlanması, broyler inkubatoru, ayaqqabı təmiri və digər sahələri əhatə edir.

Bildirilib ki, "Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramının iştirakçılarını daha uğurlu fəaliyyətə həvəsləndirmək, onların bizneslərini inkişaf etdirmək, gəlirlərini artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Hazırda təqdimatlar mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə isə daha 190 nəfərə bizneslərini genişləndirmək üçün əmlak və avadanlıqlar təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR