Qadın cinayətlərinin acı statistikası: Hər il onlarla qadın ailə münaqişəsinin qurbanı olur

Qadın cinayətlərinin acı statistikası: Hər il onlarla qadın ailə münaqişəsinin qurbanı olur
MEDIA
16:27 10.07.2026
307
Qadın qətlləri Azərbaycanda cəmiyyətin ən ağrılı və narahatlıq doğuran problemlərindən biri olaraq qalır. Rəsmi statistikalar göstərir ki, ailə münaqişələri, qısqanclıq və münasibətlərin pozulması fonunda baş verən cinayətlər hələ də qadınların həyatını təhlükə altında saxlayır. Xüsusilə keçmiş həyat yoldaşı tərəfindən törədilən qətllər, bəzi şəxslərin rəsmi boşanmadan sonra belə qarşı tərəfi öz mülkiyyəti kimi görməsi və onun həyatı üzərində söz sahibi olduğunu düşünməsi kimi təhlükəli yanaşmanın hələ də mövcud olduğunu ortaya qoyur.

Rəqəmlər də problemin miqyasını təsdiqləyir. Belə ki, 2022-ci ildə ailə münaqişəsi və qısqanclıq zəminində 51 qadın qətlə yetirilib. 2023-cü ildə bu göstərici 47, 2024-cü ildə isə 42 olub. Ötən il isə eyni səbəblərdən 39 qadının həyatına son qoyulub. Statistikada müəyyən azalma müşahidə olunsa da, hər bir belə hadisə cəmiyyət üçün ciddi təhlükə siqnalı olaraq qalır.

Növbəti faciəvi hadisə də ötən gün Bakının Nəsimi rayonunda baş verib. Mir Cəlal küçəsində Zaur Qəhrəmanov keçmiş həyat yoldaşı, 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Hadisə ictimaiyyətdə növbəti dəfə qadınların təhlükəsizliyi, məişət zorakılığına qarşı mübarizənin effektivliyi və risk altında olan şəxslərin qorunması məsələlərini gündəmə gətirib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AZXEBER.COM-a açıqlamasında bildirib ki, bizim sığınacaqda qadınların qalması müvəqqətidir:

""Təmiz Dünya” İctimai Birliyində qadınların sığınacaqda qalması müvəqqəti xarakter daşıyır. Burada qalma müddəti hər bir qadının vəziyyətindən asılı olaraq müəyyən edilir. Məsələn, əgər qadının sığınacaqdan ayrıldıqdan sonra təhlükə ilə üzləşmə riski yoxdursa, o, işləyərək maddi vəsait toplayır və daha sonra kirayə mənzilə köçür. Təhlükəsizlik riski yüksək olan şəxslərlə bağlı isə icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür, komissiyalar araşdırma aparır, qarşı tərəflə psixoloqlar işləyir. Əgər vəziyyət uyğun hesab olunarsa və qadın 18 yaşdan yuxarıdırsa, qərarı özü verir və istədiyi təqdirdə ailəsinə qayıdır. Çünki onları sığınacaqda məcburi saxlamaq mümkün deyil. Bəzi qadınların məhkəmə prosesi davam etdiyi üçün onlar sığınacaqda daha uzun müddət qalırlar, digərləri isə problemləri ciddi olmadığından 1-2 ay ərzində sığınacaqdan ayrılırlar”.


O qeyd edib ki, sığınacağa aylıq orta hesabla 93 nəfər müraciət edir: 

""Təmiz Dünya” İctimai Birliyinə aylıq orta hesabla 93 nəfər müraciət edir. Müraciət edənlərin bir qismi aidiyyəti dövlət qurumlarına yönləndirilir. Belə ki, aylıq orta hesabla 24 nəfər polis orqanlarına, 19 nəfər Sosial Xidmətlər Agentliyinə (SXA), 15 nəfər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, 13 nəfər isə İcra Hakimiyyətinə yönləndirilir. Bundan əlavə, hər ay orta hesabla 22 nəfər 012 116 111 qaynar xəttinə müraciət edir”.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a açıqlamasında deyib ki, bəzi insanlarda münasibətin bitməsi şəxsi kimliyə, nüfuza və nəzarət hissinə ciddi zərbə kimi qəbul edilir:

"Bu kimi hadisələr cəmiyyətdə ciddi narahatlıq doğuran və çox həssas yanaşma tələb edən məsələlərdir. İlk növbədə qeyd etmək lazımdır ki, boşanma faktı özlüyündə zorakılığın səbəbi deyil. İnsanların böyük əksəriyyəti boşandıqdan sonra həyatlarını normal şəkildə davam etdirir və heç bir aqressiv davranış nümayiş etdirmir. Belə ağır cinayətlər adətən bir neçə risk amilinin üst-üstə düşməsi nəticəsində baş verir və hər hadisə ayrıca araşdırılmalıdır. Bəzi insanlarda münasibətin bitməsi sadəcə ailənin dağılması kimi deyil, şəxsi kimliyə, nüfuza və nəzarət hissinə ciddi zərbə kimi qəbul edilir. Xüsusilə münasibətlərdə qarşı tərəfi müstəqil şəxs kimi deyil, öz həyatının ayrılmaz hissəsi və ya üzərində haqq sahibi olduğu biri kimi görən şəxslər ayrılığı qəbul etməkdə daha çox çətinlik çəkə bilirlər. Belə düşüncə tərzi sağlam emosional bağlılıqdan deyil, qeyri-sağlam sahiblik və nəzarət ehtiyacından qaynaqlanır”.


Psixoloq bildirib ki, psixoloji baxımdan belə cinayətlərin arxasında emosiyaların idarə olunmasında ciddi çətinliklər dayanır:

"Qısqanclıq da burada mühüm amillərdən biri ola bilər. Lakin vurğulamaq lazımdır ki, hər qısqanclıq zorakılığa gətirib çıxarmır. Təhlükəli olan vəziyyət qısqanclığın nəzarət etmə, təqib etmə, təhdid etmə və qarşı tərəfin həyatına müdaxilə etmə davranışları ilə müşayiət olunmasıdır. Belə hallarda insan ayrılığı qəbul etmək əvəzinə keçmiş həyat yoldaşının həyatını idarə etməyə çalışır və qarşı tərəfin yeni həyat qurmasını özünə qarşı təhqir və ya məğlubiyyət kimi qiymətləndirə bilər. Psixoloji baxımdan belə cinayətlərin arxasında emosiyaların idarə olunmasında ciddi çətinliklər, yüksək aqressivlik, impulsiv davranış, uzunmüddətli konfliktlər, bəzən isə şəxsiyyət xüsusiyyətləri və ya digər psixi sağlamlıq problemləri də rol oynaya bilər”.

O deyib ki, hər hansı psixi pozuntu ilə zorakı davranış arasında birbaşa və avtomatik əlaqə qurmaq doğru olmaz:

"Ancaq hər hansı psixi pozuntu ilə zorakı davranış arasında birbaşa və avtomatik əlaqə qurmaq doğru olmaz. Bu qiymətləndirmə yalnız mütəxəssislər tərəfindən aparılan ekspertiza əsasında mümkündür. Belə faciələrin qarşısının alınmasında erkən müdaxilə xüsusi əhəmiyyət daşıyır. Ayrılıqdan sonra davamlı təhdidlər, israrlı izləmə, təqib, məcburi ünsiyyət cəhdləri, qarşı tərəfin həyatına nəzarət etmək istəyi və zorakılıq xarakterli ifadələr ciddi risk siqnalları hesab edilməlidir. Bu kimi hallarda həm hüquqi müdafiə mexanizmlərinin, həm də psixoloji dəstəyin vaxtında tətbiq olunması mühüm əhəmiyyət daşıyır”.

"Cəmiyyət olaraq münasibətlərə sahiblik deyil, qarşılıqlı hörmət prinsipi ilə yanaşmağı öyrənməliyik. Heç bir münasibət və ya nikah bir insanın digər insan üzərində mülkiyyət hüququ yaratmır. Ayrılıq həyatın çətin mərhələlərindən biri olsa da, heç bir halda zorakılığa və ya cinayətə haqq qazandıra bilməz. Sağlam emosional münasibətlər qarşı tərəfin seçimlərinə hörmət etməyi, ayrılığı qəbul edə bilməyi və yaranan emosional gərginliyi konstruktiv yollarla idarə etməyi tələb edir”,- deyə psixoloq vurğulayıb.

Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR