2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatıb. Xüsusi qeyd etmək lazımdır ki, ötən il 6,2 milyard kubmetr, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur. Neftin emal dərinliyi 93 faizə çatdırılıb, nəticədə mazut istehsalı 10 dəfə azalıb. Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına "Ümid" yatağının kəşfiyyatını başa çatdırıb və burada böyük qaz ehtiyatının olduğu təsdiqləyib. Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəmərləri çəkilib və əsaslı təmir edilib, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulub. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatıb, ölkə tarixində ilk dəfə olaraq anbarlara 3 milyard kubmetrdən çox qaz vurulub. Təqdirəlayiq haldır ki, son illərdə elektroenergetika sisteminin qabaqcıl texnologiyalar əsasında inkişafı istiqamətində aparılan irimiqyaslı işlər hesabat ilində də davam etdirilib və ölkənin enerji təhlükəsizliyi təmin olunub.
Ötən il "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, enerjipaylayıcı sistemin təkmilləşdirilməsi işləri daha da gücləndirilib. Hazırda enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün edib. Mövcud elektrik stansiyalarının gücü artırılıb. Görülən işlər ölkə əhalisini və iqtisadiyyatı elektrik enerjisi ilə fasiləsiz təmin etməyə zəmin yaradıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramına uyğun olaraq sahənin inkişafına büdcədən 40 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasında "Biləv" Su Elektrik Stansiyası tikilib istismara verilib. Qobustan rayonunda hibrid tipli elektrik stansiyasının və poliqonun inşasında son tamamlama işləri görülür. Ölkənin müxtəlif bölgələrində 10 kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı işlərə başlanılıb.
Ümumiyyətlə, ölkəmizin energetika sektorunda əldə olunan naliyyətlər iqtisadiyyatın və sosial həyatın bütün sahələrdə öz müsbət təsirini göstərib. Ən əsası isə, qeyri-neft sektorunun inkişafı sürətlənib. Burada ən önəmli faktorlardan biri də neft gəlirlərinin qeyr-neft sektorunun inkişafına yönəldilməsidir. Ötən il 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun real həcmi 5 faiz artıb. Qeyri-neft sektoru üzrə isə bu artım 7,9 faizə çatıb. İl ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya yatırılıb. Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatıb, onun da 75,2 faizi daxili investisiyalar olub. Sərmayələrin 70 faizindən qeyri-neft və infrastruktur sahələrinin inkişafında istifadə edilib. Göründüyü kimi, həyata keçirilən neft strategiyası ölkənin maliyyə imkanlarını artırır və nəticədə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanları çoxalır.
Energetika sektorundan əldə edilən gəlirlərin daha çox yönəldildiyi sahə sosial müdaifə ilə bağlıdır. Əhalinin həyat səviyyəsini yüksəltmək və sosial müdafiəsini gücləndirmək istiqamətində növbəti vacib addımlar atılır. Ötən il minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 85 manata çatdırılıb, orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil edib. Prezident İlham Əliyevin sərəncamları ilə 1 milyon 300 min nəfərə qədər pensiyaçının baza pensiyalarının məbləği 13 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 800 min nəfərə yaxın işçinin aylıq vəzifə maaşı 10 faiz artırılıb. Aztəminatlı şəxslərə ödənilən sosial müavinətin məbləği orta hesabla 20 faiz, şəhid ailələri və təhsil alanlar üçün təqaüdlər isə müvafiq olaraq 50 və 15 faiz qaldırılıb.