Xəbər verdiyimiz kimi, dünya bazarında neftin qiymətləri son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Ekspertlər isə bunun dünyanın iki nəhəng iqtisadiyyatı – ABŞ və Çin arasında artan tarif müharibəsi və artan təchizat perspektivləri ilə əlaqədar tələb narahatlıqlarından qaynaqlandığını bildirir.
Neftin qiymətinin kəskin aşağı düşməsi nə ilə bağlıdır? Bu proses nə qədər davam edəcək?
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hələ seçki kampaniyası dönəmində neftin qiymətinin aşağı düşməsini özünə əsas prioritet bəyan etmişdi:
"Neftin qiymətinin düşməsi bir çox amillərlə əlaqədardı. Bu bir tək tarif müharibələri ilə bağll deyil. Bununla yanaşı OPEC+ anlaşmasına daxil olan ölkələr də neft hasilatını may ayından gündəlik 420 min barelı yaxın artıracağı ilə bağlı da bəyanat vermişdilər. Bu bazara əlavə neft daxil olacağı anlamına gəlir.
Bundan başqa Tramp bir ildir ki, seçki kampaniyası dönəmindən bəri neftin qiymətinin aşağı düşməsini ğzünə əsas prioritet bəyan etmişdi və Amerika Birləşmiş Ştatlarında neft hasilatının kəskin artırılacağı ilə bağlı bəyanatlar vermişdi.
Natiq Cəfərli deyib ki, ABŞ neft hasilatına görə dünyada birinci yerə yüksəlib:
"ABŞ hazırda da bu istiqamətdə işlər görür. Lisenziyalar verilir, yeni quyular qazılır və bu gün Amerika Birləşmiş Ştatlarının neft hasilatı artıq dünyada birinci yerdədir. Yəni, gündəlik neft hasilatı 13.7 milyon barreldir. Halbuki əvvəl Səudiyyə Ərəbistanı və Rusiya 11 milyon barreldə dünya bazarına liderlik edirdilər. Yəni, həm hasilat artır, həm dünyada tarif müharibələri iqtisadiyyatı daraltmağa doğru aparır, neftə tələbat düşür. Son nəticəni isə bügünki qiymətlərdən görürük.
Hətta tarif müharibələri bitsə belə neftin qiymətində enmələrin davam edəcəyini görəcəyik. Çünki Amerika Birləşmiş Ştatlarının mövqeyi neftin qiymətinin enməsinə doğrudur"
Günel Hüseynli