Sosial şəbəkələrdə blogerlərin reklam etdiyi məhsullar son illərdə istehlakçıların diqqətini daha çox cəlb edir. Bəzən insan heç bir ehtiyacı olmadığı halda bir məhsulu blogerin paylaşımından sonra almaq istəyir. Bəs bunun səbəbi nədir?
AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə bloger reklamlarının təsirinin əsas səbəblərindən biri insanların həmin şəxslərə adi reklamlardan daha çox güvənməsidir.
Televiziyada və ya internet saytında yayımlanan reklamın reklam olduğu açıq görünür. Bloger isə məhsulu öz gündəlik həyatının bir hissəsi kimi təqdim edir. Məsələn, kosmetik vasitədən istifadə edir, geyimi üzərində göstərir və ya hansısa məhsulu "mən bunu istifadə edirəm” deyərək tövsiyə edir. Bu zaman izləyicidə məhsulun sadəcə reklam olunmadığı, real istifadə edildiyi təəssüratı yarana bilər.
Digər əsas səbəb isə tanışlıq hissidir. İnsan hər gün izlədiyi blogerin həyatını gördükcə onu şəxsən tanımasa da, müəyyən qədər tanıdığını düşünə bilər. Onun fikirləri də buna görə daha inandırıcı görünür. Məsələn, bir insan kosmetika mağazasının reklamına çox fikir verməyə bilər. Amma hər gün izlədiyi blogerin hansısa kremi istifadə etdiyini görərsə, həmin məhsulla maraqlanmağa başlaya bilər
Burada sosial təsir də rol oynayır. Blogerin minlərlə və ya milyonlarla izləyicisinin olması məhsulun daha populyar və etibarlı olduğu təəssüratı yarada bilər. Paylaşımın altındakı müsbət şərhlər və digər insanların məhsulu alması da bu təsiri gücləndirir.
Lakin blogerin məhsulu reklam etməsi onun həmin məhsulu mütləq özü seçdiyi anlamına gəlmir. Bəzi hallarda blogerlər reklam qarşılığında ödəniş alır və ya məhsulu pulsuz əldə edirlər.
Fəridə Əsədzadə











































