Oktay Saral Türkiyə Prezidentinin Baş müşaviri vəzifəsindən istefa verməsi barədə açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, 2016-cı ildən bəri icra etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən istefa ərizəsini bu gün təqdim edib.
Oktay Saral bildirib ki, istefası inandığı dəyərlərdən və xalqa xidmət etmək əzmindən geri çəkilməsi demək deyil. O, bundan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın yanında eyni inam və qətiyyətlə yoluna davam edəcəyini vurğulayıb:
"Bu gün, 2016-cı ildən bəri böyük şərəf, qürur və məsuliyyət hissi ilə icra etdiyim Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın baş müşavirliyi vəzifəsindən istefa ərizəmi təqdim etmişəm.
Vəzifələr gəldi-gedər, titullar isə dəyişər. Əsas məsələ insanın hansı vəzifədə əyləşməsi deyil, hansı dəyərlərin arxasında dayanmasıdır. Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentlə çiyin-çiyinə verdiyimiz mübarizədir.
Bu qərarım inandığım dəyərlərdən və xalqımıza xidmət etmək əzmimdən bir addım belə geri çəkilməyim demək deyil. Dünən olduğu kimi, bu gün də, sabah da cənab Prezidentin yanında, eyni inam və qətiyyətlə yoluma davam edəcəyəm.
Rəbbim bizi vəzifələrin kölgəsində güc axtaranlardan deyil, həqiqətin işığında dik dayananlardan etsin. Nəyin bahasına olursa-olsun, inandığı dəyərləri müdafiə edənlərdən etsin".











































