“Onlar Aygünün yarıçılpaq ‘selfi’sinə baxmaq istəyirlər” - Əfsələddin Ağalarov

“Onlar Aygünün yarıçılpaq ‘selfi’sinə baxmaq istəyirlər” - Əfsələddin Ağalarov
MEDİA
19:00 20.11.2014
3657

Əfsələddin Ağalarov gənc media rəhbərlərindən biridir. Onunla tanışlığım sosial şəbəkələrin birində oldu. Özünəməxsus mövqeyi ilə seçilən həmkarımızın fikirləri hər zaman maraq doğurur.  

Aktual.az-ın "Media kapitanları" rubrikasının bugünkü qonağı azxeber.com saytının rəhbəri Əfsələddin Ağalarovdur.

- Səni jurnalistikaya bağlayan nə oldu?

- Uşaq vaxtı, yəqin ki, hamı bu sualla üzləşib. Evə gələn qonaqların, futboldan sonra tərli-tərli evə şütüyərkən, yolunun üstünə çıxıb, sualları ilə səni yoran qonşuların, toylarda araq içəndən sonra danışmağa adam tapmayıb səninlə söhbət etməyə çalışan dayıların, əmilərin ilk sualı: “Böyüyəndə nə olmaq istəyirsən, balaca?”- olub. Mən də birmənalı: “Jurnalist”-deyə cavab vermişəm. Nə avtoş olmaq istəmişəm, nə polis, nə də hərbiçi. Məni jurnalistikaya, bir çoxlarından fərqli olaraq, televiziya bağlamayıb. Məşhur olmaq, hamının sevimlisi olmaq arzum olmayıb. Çünki mən fərqliliyi sevən birisi deyiləm. Mənim məqsədim də istəklərimlə hər zaman uzlaşıb. Yaxşı jurnalist olmaq mənim məqsədimdir. İstəyim isə yaxşı jurnalist kimi ölüb getməkdir.

- Yaxşı jurnalist olmaq üçün nə etmək lazımdır?

- Yaxşı jurnalist olmaq üçün yaxşı jurnalist kimi görünmək lazım deyil. Yaxşı jurnalist olmaq üçün prinsiplərin olmalıdır. Bu, jurnalistikanın prinsipləri ilə, hardasa, uzlaşmalı, hardasa əks mövqedə olan prinsiplər olmalıdır. Yaxşı jurnalist olmaq üçün, güzəştə getməyi, maksimum səviyyədə, bacarmamalısan. 

Hisslərini və duyğularını bir kənara qoymalısan. Bir də peşənə heç nəyi qurban verməməlisən. Bəzən “yaxşı jurnalist”lərin müsahibələrinə gözüm sataşır. Adamlar, sanki, bu peşə üçün bir təkcə canlarını qurban vermədiklərini deyirlər. Mən bu fikrin, tamamilə, əleyhinəyəm. Yaxşı peşə sahibi olmaq üçün insan heç nəyini qurban verməməlidir. Heç bir yaxşı, başqa bir yaxşını əvəz edə bilməz. Yalnız onun sayını artıra bilər. Sən birini qazanıb, birini itirirsənsə, o zaman sən, yaxşı nə varsa, ona xəyanət edə biləcək gücdəsən. Elə yaxşı olduğunu zənn etdiyin peşənə də.

- Mətbuatımızın və mediamızın problemi... 

- Sən olsaydın, bu suala necə cavab verərdin?

- Amma mənə sənin fikirlərin maraqlıdır...

- Bizim problemlərimizin hamısı qaysaq bağlayıb. Heç biri qanamır. Mən desəm də, deməsəm də bizim qaysağımız qalındır. Onun qanaması çətin məsələdir.

- Niyə “Sarı” mətbuat məşhurdur?

- Çünki sarı mətbuat bizim cəmiyyətin rəngidir. Bizim cəmiyyət öz rəngini bizim mətbuatda görür. Biz insanlara öz rənglərini göstəririk. Onlar da bu rəngi sevirlər və özlərinə yaraşdığını görürlər. Mən cəmiyyəti aşağı tutmuram. Amma baxın. Bir araşdırma yazırsan. Əldə tutulan faktlar, mövqelər, bir sözlə, 

bütün prinsiplərə uyğun bir araşdırma... Hər gün o araşdırmanı bir neçə dəfə paylaşırıq. Oxuyurlarmı? Xeyr. Rəqsanənin əməliyyat olunmuş sifətini görmək istəyirlər, Aygünün güzgü qabağındakı yarıçıpaq “selfi”sinə baxmaq istəyirlər, Xoşqədəmlə əri Doğuşun saxta Leyli-Məcnun hekayəsini dəfələrlə oxumaq istəyirlər. Biz də bu məlumatları “mətbəximizdə” bişirib onlara veririk. Sonra bizi söyürlər. Deyirlər ki, siz pozursuz yeniyetmələri, siz ağıllarına girib onların dəyərlərini korlayırsınız. Bilirsiz, bizim cəmiyyət qarnının ac olub- olmamasını bilmir. “Hicran” tamaşasını yadınıza salın. Adam ac olub-olmamasını sevgilisindən soruşur. Bax biz də eləyik. Nə yemək istədiyimiz, nə içmək istədiyimizi bilmirik. Amma birtəhər doyuruq.

- Sarı mətbuat nümayəndələrini ciddi jurnalist hesab etmək olarmı?

- Dünyanın heç bir yerində ciddi jurnalist, qeyri-ciddi jurnalist anlayışı yoxdur. Peşəkar jurnalist var, bir də qeyri-peşəkar jurnalist var. Sarı mətbuatın da peşəkarları var. Təbii ki, o bazarı da gözdən salan şəxslər meydanda at oynadırlar. Məncə, bizdə ələnmə prosesi sürətlə getsə və qeyri-peşəkarlar yox olsa, o zaman sarının da peşəkarları daha ön planda olacaq.

- Qəzetlər niyə populyarlığını itirdi?

- Tək bizdə deyil, dünyanın hər yerində bu tendensiya sürətlənib. Amma bizdə bir az tez başladı. Bu da bizdə oxucu problemləri ilə bağlıdır. İnsanlarımız qəzetə pul vermək istəmirlər. Bunun başqa heç bir səbəbi yoxdur. Qəzetlərlə oxucular arasında böyük bir dağ var. İndiki oxucuları saytlar təəccübləndirə bilmir, qaldı ki qəzetlər nəsə etsin. Bizdən əvvəlki nəsildə qəzet almaq mədəniyyəti var idi. Bugünkü nəsil isə bu adı eşidəndə belə qıcıqlanır, diksinir sanki. Qəzet almağa insanlar itirilmiş vəsait kimi baxırlar. Məncə, qəzetlər, yalnız elektron versiyaya keçərək, bu uçurumdan qurtula bilər. Bunu edənlərin sayı isə yox səviyyəsindədir. Çünki sayt işinə də qəzet işi kimi yanaşırlar. Amma baxanda,əslində, ikisi də, tamamilə, fərqli- fərqli anlayışlardır.

- Hansı qəzetləri və saytları məktəb hesab etmək olar?

- Bizim vicdan səsimiz olan qəzetlərimiz olub. Onların adlarını mən ancaq kitablardan və bəzi müəllif yazılarından oxumuşam. Mənim yaşım təəssüflər olsun ki, bir çox həqiqətləri bilməyə yetmir. Çünki qəzetlərin ən fəal olduğu dönəmdə mən çox balaca olmuşam. Ona görə bu suala cavab verərkən, obyektivlikdən kənarlaşa bilərəm. Ancaq “Azərbaycan” “Yeni Müsavat”, “525”, “Şərq” kimi qəzetlərimiz bugünkü gənclərə məktəb olmağa çalışırlar. Şəxsən, mən bu qəzetlərin gənc jurnalistlərə can yandırdığını görmüşəm.

- Media üzərinə düşən şəffaflıq prinsipinə əməl edirmi?

- Mediamız öz işini doğru görsə onun üzərinə artıq heç bir vəzifə düşməz. Media hər şeyi olduğu kimi verməlidir. Hər şeyi olduğu kimi verən media şəffaf mediadır.

 - Bir az da təhsilindən danışaq. Təhsillə bağlı nə kimi planların var?

- Mən BDU-nun Jurnalistika fakültəsini bitirmişəm. Hazırda Türkiyənin Marmara Universitetinin İletişim fakültəsində Media iqtisadiyyatı və onun idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıram. Məncə, təhsilli jurnalist olmaq bir jurnalist üçün məqsəd olmalıdır. Bu məqsəd peşəkarlığa gedən yoldur. Düzdür, bu gün bir çox media kapitanlarımız var ki, onların jurnalistika təhsili yoxdur. Amma onların idarə etikləri media qurumları ölkənin aparıcı media qurumlarıdır. Bu bir həqiqətdir. Bunu hamı bilir ki, jurnalistika istedada dayanan bir peşədir. İstedadın yoxdursa, xəbərin nə olduğunu bilmirsənsə, jurnalistika sənin üçün ötəri bir həvəsdirsə, o zaman doktoranturanı da bitirsən, səndən heç bir şey olmaz. Amma bilmək və bu bildiklərinlə kənddən çıxmaq lazımdır. Çünki qonşu kəndlər də var, qəsəbələr də var, şəhərlər də var. Dünyanın yan-yörəsində jurnalistikanın nə olduğunu bilməli, onun idarə edilməsini qavramalı, onun biznes strukturu kimi digər biznes strukturlarından fərqini dərk etməlisən. Ancaq bir şərtlə. Bu bildiklərin və öyrəndiklərin sənin istedadınla vəhdət təşkil edib yaxşı jurnalist olmağına kömək etməlidir. Etmirsə, oxumağın heç bir mənası yoxdur.

 

OXŞAR XƏBƏRLƏR