Orta məktəblərdə buraxılış imtahanları keçirilir

DÜNYA
10:55 02.06.2012
2173
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də və 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsi bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirir. TQDK-dan verilən xəbərə görə, iyunun 2-də saat 11:00-da buraxılış sinifinin XI, iyunun 3-də saat 11:00-da isə IX sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər. Həmin imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edirlər. TQDK tərəfindən şagirdlərə pulsuz verilməsi üçün “Yaddaş kitabçası” da təqdim olunmuşdur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 11-ci sinif şagirdləri: 1. İmtahana buraxılış vərəqəsini 2. şəxsiyyəti təsdiq edən sənədin əslini a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.9-cu sinif şagirdləri: 1. İmtahana buraxılış vərəqəsini 2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə) 3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.Məlumat üçün İyunun 2-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılmışdır. İmtahan Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqədi rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada aparılacaqdır. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin (Nərimanov rayonunda 2249, Səbail rayonunda 1340, Yasamal rayonunda 2408, Nəsimi rayonunda 1982, Nizami rayonunda 2384, Binəqədi rayonunda 3112, Sabunçu rayonunda 2439, Xətai rayonunda 3003, Suraxanı rayonunda 2134, Xəzər rayonunda 1680, Qaradağ rayonunda 1183 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur. İyunun 3-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 68 imtahan mərkəzi ayrılmışdır:İmtahan Nərimanov rayonunda 6, Səbail rayonunda 4, Yasamal rayonunda 6, Nəsimi rayonunda 5, Nizami rayonunda 5, Binəqədi rayonunda 8, Sabunçu rayonunda 8, Xətai rayonunda 8, Suraxanı rayonunda 7, Xəzər rayonunda 6, Qaradağ rayonunda 5 binada aparılacaqdır. Həmin gün Bakı şəhəri üzrə 34277 nəfər IX sinif şagirdinin (Nərimanov rayonunda 2640, Səbail rayonunda 1752, Yasamal rayonunda 3147, Nəsimi rayonunda 2701, Nizami rayonunda 2854, Binəqədi rayonunda 4264, Sabunçu rayonunda 4533, Xətai rayonunda 3948, Suraxanı rayonunda 3246, Xəzər rayonunda 3070, Qaradağ rayonunda 2122 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılmışdır. İyunun 2-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcəkdir.İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. - Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. - Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. - Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

OXŞAR XƏBƏRLƏR