Orta məktəblərdə sınaq imtahanları başlayır.
AZXEBER.COM saytının məlumatına görə, həftə sonunda – şənbə və bazar günləri Bakı şəhərində 9-cu və 11-ci sinif şagirdləri yoxlama imtahanları verəcəklər. Təhsil naziri Misir Mərdanov müvafiq əmrinə əsasən, ümumtəhsil məktəblərində ümumi orta (9-cu sinif) və tam orta təhsil (11-ci sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanlarına 28 yanvar tarixindən start verilir. Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsindən bildirilib ki, 9-cu siniflərdə sınaq imtahanlarıAzərbaycan dili və riyaziyyat, 11-ci siniflərdəAzərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dilfənlərindən keçiriləcək. Beləliklə, 2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayacaq. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.
Nazirinəmrinə əsasən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də bu ilki mərkəzləşdirilmiş qaydada aparılacaq sınaq imtahanlarında iştirak edə biləcəklər. Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərində yerləşən ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək. Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.