15:17 Bazar Günü, 23 Fevral 2020
KRİMİNAL

Oteldə dünyasını dəyişən gənc azərbaycanlı diplomatın atası danışdı

10:30, 07.08.20134245
Oteldə dünyasını dəyişən gənc azərbaycanlı diplomatın atası danışdı

“Əgər mənim övladıma kimsə nə isə edibsə, mən onu heç vaxt bağışlamaram. Özüm gedib meyitinə baxmışam. Bir neçə il əvvəl Bakıda olanda zəhərlənmişdi. Amma səhhətində hər hansı bir ciddi problemi olmamışdı”. Bu sözləri “Yeni Müsavat”a iyulun 25-də Maldiv adalarındakı hotellərdən birində müəmmalı şəkildə dünyasını dəyişən Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Tural Qurbanovun atası Habil Qurbanov deyib. Qurbanovlar Bakıda Süleyman Rüstəm küçəsi 35 ünvanında yaşayırlar. İki günlük axtarışlardan sonra onların mənzilini arayıb tapdıq. T.Qurbanovun müəmmalı ölümündən sonra dolaşan xəbərlərə, onun MTN xətti ilə Almaniyaya göndərilməsinə dair məlumatlara atası Habil və əmisi Şamil Qurbanovlarla birgə aydınlıq gətirməyə çalışdıq. Uzun illər daxili işlər orqanlarında və prokurorluqda çalışan Habil Qurbanov deyir ki, oğlunun ölümü ailələri üçün çox sarsıdıcı olub: “Amma hər hansı bir şübhəmiz, şübhələndiyimiz şəxs yoxdur. Olsaydı, bunu gizlətməzdim. Sözün düzü, bu xəbəri alandan sonra Maldivə gedib çıxana qədər şübhəliydim ki, hoteldə nəsə ola bilər, getdim özüm uşağı gördüm. Sinəsinə qan yığılmışdı...” H.Qurbanov dedi ki, Maldiv hüquq-mühafizə orqanları əvvəlcə oğlunun meyitini müayinə etmək istəməyiblər: “Maldiv müsəlman ölkəsi olduğundan meyiti yarmaq istəmirdilər. Amma təkid etdim ki, yarsınlar. Yardılar, ekspertiza üçün qanından və orqanlarından nümunə götürdülər. Orada ölüm faktına görə polis cinayət işi başlayıb. Ekspertizanın cavabını da 10-15 günə verəcəklər. Tural hoteldə yatdığı yerdə, səhərə yaxın dünyasını dəyişib. Onun meyitini Maldivdən Şri-Lankaya aparmışam. Orada meyiti dərmanladılar ki, uzaq yolu gətirə bilək. Müsəlman qaydası ilə namazı qılındı, duası oxundu, kəfənə tutuldu. ”Türk Hava Yolları" ilə Maliyə, oradan İstanbula, İstanbuldan da Bakıya gətirdim". T.Qurbanovun nəşi Bakıya iyunun 30-da gətirilib və yaxınları 2 saat onunla vidalaşandan sonra dəfn olunub: “Bizim nəsildə belə hallar olub. Bacım oğlu var 35 yaşında. Bir-iki ay əvvəl toyda trombu tutub. Allah üzümüzə baxdı ki, ayağında damarı partlayıb və tromb qanla qarışıq oradan çıxıb. Əgər ayağında damarı partlayıb tromb çıxmasaydı, indi bacım oğlu da həyatda olmazdı. İndi də xəstəxanadadır. Atamız da trombdan dünyasını dəyişib”.  Oğlu haqda danışan H.Qurbanov deyir ki, Turalın Almaniyada yaşayıb işləmək uşaqlıq arzusu olub:  “Bakı Dövlət Universitetini bitirəndən sonra 1 il Qusarda hərbi xidmətdə oldu. İstəyi bu idi ki, Almaniyada magistraturaya daxil olsun. Sənədlərini də göndərdi. Almaniyada yalnız Berlində olan universitetdə beynəlxalq münasibətlər üzrə magistratura vardı. Orada müsabiqə böyük oldu, onu bakalavra qəbul etdilər. Tural da getmədi. Dedi ki, Bakıda beynəlxalq münasibətləri oxuyub. Elə qalıb universitetdə işlədi. İngilis, alman dillərini dərindən bilirdi və səlis danışırdı.  Arzusu, istəyi Almaniyada işləmək idi. Uşaqlıqdan “Bavariya” futbol klubunun azarkeşi idi. Qisməti də oldu, ora gedə bildi".  Yaxınları deyir ki, T.Qurbanov 22 yaşında ailə həyatı qurub. 1 qızı, 1 oğlu var. “İyunun 15-nə kimi Almaniyada Turalın yanında oldum. İşi-gücü qaydasında idi. Tural qohum-qardaşa qarşı çox diqqətli idi. Həddən artıq həssas və hamıya qarşı qayğıkeş idi. Çox həssas insan idi. Məzuniyyətə çıxandan sonra ailəsi ilə bərabər Bakıya gəldi. Bura gələn günün gecəsi 2 övladı birdən xəstələndi. Hər iki uşaq bir həftə 40-41 qızdırmanın içində yanırdı. Bu, Turala çox pis təsir etmişdi. Uşaqlar reanimasiyada olanda özünə yer tapmırdı. Çox möhkəm stress keçirirdi. Həmin günlərdə də bacısının toyu idi. İyunun 8-də toy oldu, 10-da isə nənəsi rəhmətə getdi. Tural nənəsini çox istəyirdi, onun səhhətində yaranmış problemə görə də çox gərgin, həyəcanlı olurdu. Getdiyi yer, həmin o adalar Hind okeanının ətrafıdır, çox isti yerlərdir. 45-50 dərəcə isti olur. Xaraba qalsın oralar...” deyir, atası...  Əlavə edir ki, uşaqlarının xəstəliyinə görə onları özü ilə istirahətə aparmayıb: “İlk dəfə idi Maldiv adalarına istirahət etməyə gedirdi. Ora getmək arzusu olub. Sadəcə, uşaqları xəstə olmuşdu deyə onları özü ilə apara bilməmişdi. Özünün arzusu idi ki, Maldiv adalarına səyahət etsin...” Bu yerdə söhbətə mərhumun əmisi Şamil Qurbanov qoşulur. Deyir ki, Maldiv adalarına gedənlər aeroportda özlərinə iynə vurdurmalıdırlar. Tural Qurbanov isə bu qaydaya əməl etməyib: “Orada hərarət 45-50 dərəcə olur, cücülər də zəhərlidir. Həmin iynələr nəmişliyə və cücülərin zəhərinə qarşıdır. Mütləq vurdurmaq lazımdır həmin iynəni. Tural vurdurmayıb”.  Habil Qurbanov deyir ki, oğlu Maldiv adalarına getməzdən öncə məzuniyyətdə olub: “Maldivə gedəndə məzuniyyətinin bitməsinə 1 həftə qalmışdı. Maldiv adalarına gedib istirahət edəndən sonra işinə, Almaniyaya qayıtmalı idi. İyulun 25-də mənə xəbər verdilər ki, orada keçinib. Orada meyitinə baxdım, bədənində heç bir xəsarəti yox idi. Orada polis araşdırma apardı, ekspertiza təyin olundu. 10-15 günə ekspertizanın rəyi də veriləcək səfirliyə. Ekspertlərin ilkin rəyi belə oldu ki, damarında tromb olub və damarı partlayıb, ürək çatışmazlığından dünyasını dəyişib”. Əmisi deyir ki, uşaqlarının xəstəliyi Turalı çox gərginlikdə saxlayıb: “Uşaqları, toksikologiya şöbəsinin reanimasiyasında olanda qanlarını bir neçə dəfə yudular. Tural həmin günlər çox fikirli, gərgin idi. O, uşaqlarının xəstə olmasını ürəyinə salmışdı. Heç kimə deməsə də biz onun vəziyyətini hiss edirdik. Bax bu da belə oldu...”  Habil Qurbanov oğlunun xaricdə yaşayan Həbib Müntəzirin öldürülməsi üçün Almaniyaya göndərilməsi haqda məlumatları qətiyyətlə təkzib etdi: “Tural səfirlik işçisidir. O heç vaxt Milli Təhlükəsizlik Nazirliyində işləməyib. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi və qalıb universitetdə işləyirdi. Sonra Xarici İşlər Nazirliyində işə götürdülər. 8 ay əvvəl ölkəmizin Almaniyadakı səfirliyində 2-ci katib təyin olundu. Həm də konsul idi, viza məsələlərinə baxırdı. O həmin vəzifələrə təyin olunanda orada qayda-qanunlara riayət olunması ilə bağlı bəzi problemlər vardı. Turalı ora göndərdilər və o, vəziyyəti dəyişdi, qayda-qanun yaratdı, neqativ halların qarşısını aldı. Yazırlar ki, guya Tural MTN işçisi olub və onu ora Həbib Müntəziri aradan görüməyə göndəriblər. Birincisi, Tural hara, Həbib Müntəzir hara? Əgər Həbib Müntəziri kimsə aradan götürmək istəsə, onu başqa üsulları var da...”  Mərhum diplomatın əmisi Şamil Qurbanov hadisədən sonra mətbuatda qudasının - Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun adının hallanmasına etiraz etdi: “Eldar müəllimlə qohumuq, canımız-ciyərimizdir. Amma onun bu məsələdə adının hallandırılması düz deyil. Bu bizim ailənin faciəsidir. Mən polisdə vəzifə tutanda, elmlər doktoru olanda Eldar müəllim, qardaşım Habil yenicə işə başlayırdılar. Qudayıq, bundan əvvəl də kirvə olmuşuq. Təqaüdə çıxana qədər 5-6 rayonun polis rəisi olmuşam.  Amma bizim harada işləməyimizin, kiminlə qohum olmağımızın Turalın ölümünə nə aidiyyəti var? Onu stressə salan uşaqlarının xəstəliyi idi. Uşaqları xəstə olanda gecə-gündüz Allaha yalvarırdı ki, uşaqlara verdiyi xəstəliyi ona versin. Sanki səsini eşitdi..." Turalın böyüyüb-başa çatdığı evin qarşısında xeyli qonşusu toplaşmışdı. Onlardan öyrəndik ki, mərhum diplomatın xatirəsini əbədiləşdirmək üçün yaşadığı binanın həyətində xatirə bulağı inşa etdirəcəklər...  Qeyd edək ki, Tural iyulun 25-də Maldiv adalarındakı “Kurumba Resort” hotelindəki nömrələrdən birində dünyasını dəyişib. T.Qurbanovun ölüm xəbəri haqda ilk məlumatı Almaniyada mühacirətdə olan blogger Emin Milli yayıb. E.Milli özünün facebook səhifəsində yazıb ki, T.Qurbanov əslində xüsusi xidmətin əməkdaşı olub, siyasi mühacir və tanınmış blogger Həbib Müntəziri öldürmək tapşırığı alıb. H.Müntəzir uzun müddət Almaniyada yaşayıb, Azərbaycan hakimiyyətinə qarşı materiallar yayıb. Emin Millinin yazdıqlarına görə, T.Qurbanov Müntəziri öldürməkdən imtina edib və buna görə öz şefləri tərəfindən aradan götürülüb. Bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti və Milli Təhlükəsizlik Nazirliyi təkzib ediblər. Allah rəhmət eləsin.

XƏBƏR LENTİ