"Paşinyan Ermənistanın “Xalq qəhrəmanı” ola bilmədi" - Fəxrəddin Həsənzadə

GƏNCLİK
17:02 19.09.2018
4460
 "Ermənistanın istər iqtisadi, istər siyasi, istərsə də hərbi gücü yoxdur ki, Azərbaycanın qarşısına çıxsın. Yaxşı olar ki, Nikol Paşinyan sərsəm bəyanatlar səsləndirməkdənsə, xilas yolunu mühacirətdə görən vətəndaşlarına sahib çıxsın”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə söyləyib. Onun sözlərinə görə, Azərbaycan ordusu ən qısa müddətə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir:
 
"Cənab Prezident İlham Əliyevin söylədiyi kimi,  aprel döyüşləri və bu ilin may ayında baş tutan hərbi əməliyyatlar zamanı ölkəmiz öz qüdrətini göstərdi. Reallıq ondan ibarətdir ki, Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Ölkəmizin dünya miqyasında rolunun artdığı bir şəraitdə vətəndaşları aclıq, səfalət içində olan Ermənistan prezidentinin populist bəyanatları yalnız öz hakimiyyətini qorumaq məqsədi daşıyır. O bilir ki, bu gedişlə hakimiyyətdə qala bilməyəcək. Bu səbəbdən diqqəti əsas hədəfdən yayındırmağa çalışaraq, onsuz da səfalət həddində olan ölkəsini daha ağır faciələrə sürükləmək istəyir”.
 
Mərkəz sədrinin sözlərinə görə, erməni riyakarlığı bu dəfə də özünü göstərir: "Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "facebook”da paylaşdığı son status zamanı səslənən fikirlər Ermənistanın saxta mahiyyətini tam çılpaqlığı ilə ortaya qoydu. Bəli, Əli müəllim çox düzgün vurğuladı ki, Ermənistan prezidentinin həyat yoldaşı bir yandan sülh çağırışları edir, digər yandan Paşinyan özü müharibə bəyanatları səsləndirir. Bu növbəti erməni riyakarlığının bariz nümunəsidir. Əli müəllimin qeyd etdiyi kimi, xalqımız buna qədər çox ciddi təhlükələrin qarşısını alıb, bütün çətin sınaqlardan üzüağ çıxıb. İndiki halda Ermənistan kimi gücsüz və zəif bir ölkənin müharibə niyyəti yalnız bu dövlətin özünü məhvə apara bilər”.
 
"Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmrinə hər an hazırdır” deyən Fəxrəddin Həsənzadə qeyd etdi ki, rəhbərlik etdiyi Mərkəz və Mərkəzin Qarabağ ofisi uzun illərdir gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir: "Qarabağın həsrətində olan gənclik ordusu kimi  Prezident İlham Əliyevin qərarını gözləyirik. Ölkənin aparıcı gənclər təşkilatlarından biri olaraq əsas fəaliyyət istiqamətlərimizdən biri Qarabağla bağlı olub. Bu fəaliyyət bugün də davam edir və QƏLƏBƏ GÜNÜNƏ qədər belə olacaq”.

OXŞAR XƏBƏRLƏR