Stilist Samir Əliyev. Bu ad bu gün Azərbaycanda çoxlarına tanışdır. Peşəkar stilist olan Samir bu peşənin incəliklərinə Bakının Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 61 nömrəli Texniki Peşə Məktəbində yiyələnib. Məktəbi bitirdikdən sonra isə o vaxtkı Volodarski adına tikiş fabrikinə təyinat alıb. Peşə məktəbində dərzilik üzrə əldə etdiyi bilikləri inkişaf etdirən Samir bu gün cəmiyyətdə özünəməxsus yer tuta bilib. Təəssüf ki, bu cür misalları bu gün təkrarlamaq mümkün deyil.
Azərbaycanda peşə təhsilinin hazırkı vəziyyətinin o qədər də ürəkaçan olmaması ilə bağlı çox eşitmişdik. Hər şeyi öz gözümüzlə görmək qərarına gəldik. Bakı şəhərindəki bir neçə peşə məktəbinə zəng edərək, çəkiliş aparmaq istədiyimizi bildirdik. Amma arzumuz elə ürəyimizdə qaldı. Belə ki, bəzi məktəblərdə direktorun iclasda olduğu, onun icazəsi olmadan çəkiliş apara bilməyəcəyimiz deyildi. Ancaq 6 saylı peşə məktəbinin direktoru Nurəddin Cahangirov istəyimizə qismən müsbət cavab verdi. İki ixtisas- qaynaqçı çilingər, çilingər sürücülük üzrə təhsil verən müəssisədə hazırda 152 şagirdin olduğunu deyən direktor, peşə məktəbinin dövlət proqramına salınması, yeni ixtisasların açılması üçün Səbail rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirdi və bizə yalnız peşə məktəbinin hazırkı durumu ilə bağlı fotoları göndərməklə yardım edə biləcəyini bildirdi. Fotolardan da göründüyümü ki, peşə məktəbinin vəziyyətinə yaxşı demək olmaz.
Təəssüf ki, Sovet İttifaqı dövründə tələbələrinə belə gəlirli sahələrdə təhsil verən, əmək qabiliyyəti öyrədən peşə məktəbləri bu gün öz funksiyasını demək olar ki itirib. Bu gün kiminsə peşə məktəbində oxumaq istədiyini eşitmək müşkül məsələdir. Müşahidələrimiz göstərir ki, Azərbaycan cəmiyyətində gənclər iki yerə bölünür. Ya dərslərinə yüksək səviyyədə fikir verərək ali məktəblərə daxil olmaq istəyənlər, ya da ümumiyyətlə orta məktəblə dərsin, tədrisin daşını atanlar.
Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun verdiyi məlumata görə, hazırda nazirliyin tabeliyində 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, onunda 49 peşə liseyi, 57-i meşə məktəbi, 2-i isə peşə tədris mərkəzidir. Onlardan 35-i Bakı şəhərində, 18-i çəzacəkmə müəssisələrində yerləşir. Ümumilikdə peşə təhsili sistemində 24 minə yaxın şagird təhsil alır.
N. Məmmədov deyir ki, bu gün peşə təhsilinin sosial statusu aşağıdır. Bu səbəbdən valideynlər övladlarını peşə təhsilindən yayındırmağa, ali təhsilə yönəltməyə çalışırlar. Buna baxmayaraq, şöbə müdiri son 1-2 illə müqayisədə peşə məktəblərinə axının artıdığını deyir. Belə ki, peşə məktəblərinə hər il 10-11 min şagird qəbul olunurdusa, indi dövlət hesabına hər il 14 minə yaxın şagird peşə təhsili müəssisələrində təhsil ala bilir.
“Bu rəqəm hər il artır. Çünki peşə təhsili müəssisələrinin maddi-texniki bazası güclənir. Peşə təhsilinə maraq artır”, deyə N. Məmmədov vurğuladı.
Nazirlik rəsmisi hesab edir ki, peşə təhsili müəssisələrinə üz tutanlarının sayının artması məzunlarının işlə təminatının yüksəlməsi ilə də bağlıdır. N.Məmmədov 10 min 500 məzun arasında aparılan sorğu nəticəsində onların 3400-ə yaxının işlə təmin olunduğunun məlum olduğunu deyir: “Məzunlardan 3050-ə yaxını hərbi xidmətə çağırılıb. 1000 nəfəri ailə və sairə səbəblərlə, yaxud işə göndərişlə bağlı olaraq iş yerindən imtina ediblər. Hər il müəssisələr tərəfindən profilaktik işlər aparılır və onların işlə təminatı yüksəlir”.
Məzunların işlə təmin olunması məsələsinə gəldikdə N.Məmmədov bəzi peşə təhsili müəssisələrinin işə götürənlə müqavilələri olduğunu qeyd etdi. Müqavilə şərtlərinə əsasən təhsil müddəti qurtarandan sonra seçilən şagirdlər, işə götürənlərin tələblərinə cavab verən məzunlar iş yerlərinə göndərilir və əmək haqqı almaq şərti ilə iş yeri ilə təmin edirlər.
Peşə təhsil müəssisələrində şagirdlərin daha çox üstünlük verdiyi ixtisas isə turizm və xidmət sahəsidir. Bu isə hal-hazırda bu sektorda işlə təmin olunmağın daha asan olması ilə əlaqədardır. Həmçinin peşə təhsili müəssisələrinin həmin təşkilatlarla yaxşı əlaqələrinin olması da bu işdə böyük rol oynayır. Məsələn, Qəbələ rayonunda 2008-ci ildə istifadə verilən peşə təhsili mərkəzinin ötən il ilk dəfə 45 nəfər məzunu olub. Onlardan 3-ü hərbi xidmətə gedib, qalan 42 nəfərin hamısı isə Bakı, Qəbələ, Zaqatala, Şəkidə fəaliyyət göstərən otellərdə işlə təmin olunublar. Məzunların minimum əmək haqqı isə 200-250 manat təşkil edir.
Şagirdlərin üstünlük verdiyi ixtisaslar arasında bundan əlavə bərbər, kompüter texnologiyası, tikinti sahəsinə aid olan peşələr də çoxluq təşkil edir.
Azərbayacanda yaşayan yaşlı nəslin nümayəndələri sovet vaxtında peşə məktəbində təhsil alan şagirdlərin əl işlərinin satılması üçün Bakıda xüsusi mağazaların olduğunu deyirlər. Belə ki, bu mağazalarda həm keyfiyyətli, həm də daha sərfəli qiymətə istənilən əşya əldə etmək olardı. Ancaq təəssüf olsun ki, müasir Bakıda belə obyektlərə rast gəlmək mükün deyil. Bu məsələyə münasibət bildirən nazirlik rəsmisi 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən peşə təhsili müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklərini qeyd etdi.
“Yəni büdcədənkənar vəsaitlərin artırılması ilə bağlı olaraq əl işlərini sata və yaxud da xidmət göstərək əlavə gəlir əldə edə bilərlər. Hal-hazırda bəzi təhsil müəssisələrində - xüsusən tikişçilik, dülgərlik üzrə ixtisaslaşmış müəssisələrdə belə xidmətlər həyata keçirilir. Onlar sifarişçilərlə müqavilə bağlayırlar və həmin müəssisələrin emalatxanalarında hazırlanan məhsullar satışa çıxarılır. Ancaq bizim əsas strategiyamız ondan ibarətdir ki, emalataxanalarda istehsal olunan məhsullar hesabına yox, daha çox kadr hazırlamaqla, onların gəlirlərinin artırılmasına imkan yaradaq”.
N.Məmmədov peşə təhsilinin inkişafı üçün dövlət proqramınında qəbul edildiyini xatırladıb. Proqram nəticəsində son 3 ildə 10-a yaxın peşə məktəbi təmir edilib, müasir avadanlıqla təmin edilib, iki yeni peşə tədris mərkəzi fəaliyyətə başlayıb. Onlardan biri Qəbələdə, biri isə bu yaxınlarda İsmayıllı rayonunda açılıb.
Lakin bütün bunlarla bərabər peşə məktəblərinin problemləri də az deyil. 14 minə yaxın məcburi köçkün ailələri tərəfindən emalatxanalar, yataqxanalar və tədris korpusunun tutulduğunu deyən Namiq Məmmədov köçkünlər köçürüləndən sonra yataqxanaların yenidən əsaslı təmir edilərək şagirlərin istifadəsinə veriləcəyini deyir. “Maddi texniki baza son 20 ildə çox zəifləyib. Amma son zamanlar yeni kurrikumlar, peşə təhsil standartları, modul proqramlar hazırlanıb. Bunlara beynəlxalq ekspertlər də cəlb edilib”.
Təhsil üzrə ekspert Məlahət Mürşüdlü də peşə məktəblərinin sayının azalsa da, hazırda bu sahədə keyfiyyətin yüksəlmək üzrə olduğunu deyib. Onun sözlərinə görə, bu sahəyə aid 2007-2012-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin, maddi-texniki bazanın gücləndirilməsinin də peşə müəssisələrinin inkişafında böyük rol oynayıb.
“Bir necə ildir ki, bu proqram həyata keçiriilir. Burada təhsilin keyfiyyətinin yüksəldilməsi, peşələrin təlimi ilə bağlı bir çox məsələlər əksini tapıb. Müasir bazar tələblərinə uyğun orta səviyyəli mütəxəssislərin yetişdirilməsinə bu gün böyük önəm verilir”.
Ancaq eksert bu gün texniki peşə təhsilini alan gənclərin hazırlıq səviyyəsinin zamanın, bazar iqtisadiyyatının tələblərinə cavab vermədiyini deyir. “Peşə sahibləri ən azı universitetlərin bakalavr səviyyəsində olmalıdır. Bununla bağlı dövlət proqramında maddi texniki bazanın yüksəldilməsi təminatına ciddi fikir verilir. Məktəblərin müasir tələblər baxımından yenidən qurulması, laborataoriyalar, müxtəlif avadanlıqlarla təhciz olunması bu məsələlər daha çox diqqət mərkəzindədir”.
M.Mürşidli peşə müəssisələrində çalışan pedoqoji kadrların, ustaların, işçilərin ixtisas səviyyələrinin artırılmasına, yeni ixtisas üzrə əlavə təhsil almasına, yeni ixtisasların yaradılmasına ehtiyac olduğunu bildirib. Daha bir həlli vacib olan məsələ isə təhsil alan gənclərin sosial təminatı - onların yeməklə, yataqxana, xüsusi geyimlərlə təmin olunması, təqaüdlə təminatıdır.
“Peşə mətkəbləri bu gün 9-11-ci siniflər bitirən gəncləri tam əhatə etmir. Məktəbi bitirən, ali təhsil almağa getməyənlərin, təhsil almayanların sayı həddindən artıq çoxdur. Araşdırmaq lazımdır ki, bu uşaqlar haradadır, peşə məktəblərinə niyə getmirlər?”, deyə o qeyd edib. Məlahət xanım xüsusən rayonlarda, Gəncə, Mingəçevir, Sumqayıt kimi şəhərlərdə belə məktəblərin sayının daha artıq olmalı olduğunu deyir. Onun sözlərinə görə, bunlar sənaye şəhərləridir və burada onlara böyük ehtiyac var.
Şagirlərin peşə məktəblərinə az üz tutmasını isə o, sosial problemlərlə bağlı olduğunu vurğulayır. Bunlar arasında isə yataqxana, güzəştlər, təqaüdlərin verilməsi, isti yemək, xüsusi geyim forması ilə təmin olunması və sairə var.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə həm 9, həm də 11-ci sinif şagirdləri qəbul edilə bilərlər. Natamam orta təhsil bazasından şagirdlər peşə məktəbləri ilə bərabər peşə liseylərinə də qəbul edilə bilərlər. Lisey ilə məktəbin fərqi ondan ibarətdir ki, burada peşə təhsili ilə yanaşı tam orta təhsil də verilir. Liseyi bitirənlər mərkəzləşdirilmiş imtahanda iştirak edərək attestat ala bilər. Gələcəkdə isə onlar əmək bazarına daxil ola, həm də ali məktəblərə keçirilən qəbul imtahanlarına qatıla bilərlər.
Onu da bildirək ki, Azərbaycanda peşə məktəblərinin inkişafına bir ümid var. Bu məsələyə Prezident İlham Əliyev ötən həftə gənclərlə görüşündə də toxunub. O, Azərbaycan gəncliyi Dövlət Proqramında peşə hazırlığına xüsusi diqqət göstərilməli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, texniki peşə təhslinin təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. İndiki mərhələdə peşə məktəblərinin fəaliyyətinə xüsusi diqqət göstərilməli olduğunu vurğulayan İlham Əliyev Təhsil Nazirliyinə konkret tapşırıqlar verildiyini bildirib: “Hesab edirəm ki, gənclərlə bağlı proqramda da bu məsələ öz əksini tapmalıdır”.
ANS PRESS