Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır

Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır
SOSİAL
00:49 04.07.2026
288
Ötən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasında yayılan deyimə görə, böyüklərlə müqayisədə körpələr istənilən qızdırmaya daha dözümlüdür.

Bəs bu deyimin həqiqət payı nə qədərdir?

Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.

O deyib ki, körpələrin istənilən qızdırmaya dözdüyü fikri tamamilə yanlışdır:

"Belə yanaşma doğru deyil. Əksinə, körpə yaşlı uşaqlarda qızdırma nəticəsində febril qıcolmalar baş verə bilər. Buna görə də, xüsusilə 2 yaşa qədər körpələrdə bu hal daha ciddi nəzarət altında saxlanılmalıdır. Əslində, qızdırma orqanizmin müdafiə reaksiyasıdır. Burada əsas məsələ qızdırmanı yaradan səbəbi müəyyənləşdirməkdir. Çünki uşaqlarda qızdırmaya səbəb olan amillər müxtəlif ola bilər. Məsələn, bronxiolit, bronxit, pnevmoniya, mədə-bağırsaq infeksiyaları, rotavirus və digər infeksion xəstəliklər, eləcə də günvurma qızdırmaya səbəb ola bilər. Yəni bu xəstəliklərin hamısında hərarət müşahidə olunur”.

O bildirib ki, buna görə də ilk növbədə hərarətin səbəbini aydınlaşdırmaq lazımdır:

"Ümumiyyətlə, 38 dərəcəyə qədər olan hərarətə müdaxilə edilmir. Bəs hansı halda müdaxilə olunur? Əgər uşaq daha əvvəl temperatur səbəbindən febril qıcolma keçiribsə, bu zaman artıq 37,5 dərəcədən etibarən müdaxilə olunur. Lakin uşaq əvvəllər febril qıcolma keçirməyibsə, 38 dərəcəyə qədər heç bir müdaxilə tələb olunmur. Amma temperatur 38 dərəcəni keçdikdən sonra mütləq dərman verilməlidir. Burada "qızdırmadan öldü” kimi bir anlayış yoxdur. Ölümə səbəb olan qızdırmanın özü deyil, qızdırmanı yaradan əsas xəstəlik ola bilər. Məsələn, meningit, ensefalit və digər ağır xəstəliklər ölümə səbəb ola bilər. Yəni qızdırma özlüyündə ölüm yaradan bir hal deyil. Sadəcə bu, cəmiyyət arasında yayılmış bir mifdir. Əsas diqqət qızdırmanı yaradan səbəbin araşdırılmasına yönəlməlidir”.
OXŞAR XƏBƏRLƏR