Piyadalar niyə həyatlarını riskə atır? – Qəzaların görünməyən səbəbi

Piyadalar niyə həyatlarını riskə atır? – Qəzaların görünməyən səbəbi
SOSİAL
17:26 13.07.2026
323
Son zamanlar piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb.

AZXEBER.COM xəbər verir ki, demək olar ki, hər gün yerli KİV-də və sosial şəbəkələrdə piyadaların yerüstü və ya yeraltı keçidlərdən istifadə etməyərək yolu nəzərdə tutulmayan hissədən keçməsini əks etdirən görüntülər paylaşılır.

Bu cür qayda pozuntuları isə təkcə inzibati məsuliyyətlə yekunlaşmır. Bəzi hallarda ağır yol-nəqliyyat hadisələrinə, hətta ölümlə nəticələnən faciələrə səbəb olur.

Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna əsasən piyadalar yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən keçməlidirlər. Keçid yaxınlıqda olduğu halda yolun digər hissəsindən keçmək qayda pozuntusu hesab olunur. Eyni zamanda, sürücülər nizamlanmayan piyada keçidində yolu keçən və ya keçmək istəyən piyadalara yol verməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən bu tələbi pozan sürücülər 50 manat məbləğində cərimə edilirlər. Beləliklə, qanun həm piyadalar, həm də sürücülər üçün məsuliyyət müəyyənləşdirir.

Lakin reallıq fərqli mənzərə ortaya qoyur. Bakıda və digər şəhərlərdə yeraltı və ya yerüstü keçidlər mövcud olsa da, bir çox piyada vaxta qənaət etmək və ya əlavə məsafə qət etməmək üçün birbaşa avtomobillərin hərəkət hissəsindən keçməyə üstünlük verir. Bu isə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atır.

Bəs problemin əsas səbəbi nədir? Mövcud cərimələr kifayət etmir, yoxsa məsələ daha çox yol hərəkəti mədəniyyəti və maarifləndirmə ilə bağlıdır?
 
Dünya təcrübəsi göstərir ki, bu problemin həlli yalnız cərimələrin sərtləşdirilməsi ilə mümkün deyil.

Məsələn, Almaniyada yol hərəkəti qaydalarına əməl etmək erkən yaşlardan formalaşdırılır. Məktəblərdə uşaqlara yol hərəkəti təhlükəsizliyi öyrədilir, qırmızı işıqda yolu keçmək isə cəmiyyət tərəfindən məsuliyyətsiz davranış kimi qiymətləndirilir. Polis xüsusilə məktəblərin və insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında nəzarəti gücləndirir, qaydanı pozan piyadalar isə inzibati məsuliyyətə cəlb olunurlar.

Yaponiyada yol hərəkəti mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Tokioda gecə saatlarında küçədə avtomobil olmasa belə, insanların böyük əksəriyyəti yaşıl işığın yanmasını gözləyir. Burada qaydalara əməl etmək təkcə qanunun tələbi deyil, həm də cəmiyyət qarşısında məsuliyyətin və başqalarının təhlükəsizliyinə hörmətin göstəricisi hesab olunur.

Niderland isə bu sahədə fərqli yanaşma tətbiq edib. Bu ölkədə əsas diqqət insanların davranışını dəyişməyə deyil, şəhər infrastrukturunu onların hərəkətinə uyğun planlaşdırmağa yönəldilib. Piyada keçidləri insanların təbii hərəkət marşrutları üzərində yerləşdirilir, yaşayış məntəqələrində nəqliyyat vasitələrinin sürəti məhdudlaşdırılır, geniş səkilər və təhlükəsiz keçidlər yaradılır. Nəticədə insanlar qaydanı pozmağa ehtiyac duymurlar.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR