Polis Akademiyasının rəisi təqaüdə göndərildi

Polis Akademiyasının rəisi təqaüdə göndərildi
Bütün Xəbərlər
16:52 27.05.2011
1664

Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyevin daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş yola salınma mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Nazir hər bir əməkdaşa örnək olası, anda və xidməti borca sədaqətli xidmətinə görə polis general-mayoru Ramiz Nağıyevə təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib.

Nazir qeyd edib ki, ömrünün 36 ilini daxili işlər orqanlarında xidmətə həsr edən, bu müddətin böyük bir hissəsini cinayət-axtarış və istintaq qurumlarında çalışaraq İdarə və Baş İdarə rəisi vəzifələrinədək yüksələn polis general-mayoru Ramiz Tağı oğlu Nağıyev hər zaman yüksək təşkilatçılıq qabiliyyəti və mənəvi keyfiyyətləri ilə seçilib, şəxsi heyət arasında böyük hörmət və nüfuz qazanıb.

R. Usubov yüksək peşəkar, dövlətə və dövlətçiliyə hər zaman sadiq zabit kimi R. Nağıyevin xidmətlərinin ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onun polis general-mayoru kimi ali xüsusi rütbəyə layiq görüldüyünü, «Azərbaycan bayrağı» ordeni ilə təltif olunduğunu, çoxsaylı mükafatlar aldığını xatırladıb.

Qeyd edək ki, təqaüdə göndərilən polis general-mayoru Ramiz Nağıyevin iki gün əvvəl 60 yaşı tamam olub.

 

OXŞAR XƏBƏRLƏR