Polis Əli Kərimlini niyə bölməyə çağırıb? - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
14:54 26.05.2012
1182
Azərbaycan Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin yaşadığı ünvana polis əməkdaşlarının gəlməsi və onun Bakı şəhər Baş Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib. AZXEBER.COM məlumaına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təhrik etdiyini bildirib: “Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər. Lakin AXCP sədri dövlət hakimiyyətinin nümayəndəsi olan polis əməkdaşının vətəndaşın yaşadığı ünvana gedərək çağırış vərəqəsini təqdim etməsi kimi ən adi prosedur qaydası ətrafında da süni ajiotaj yaratmağa, guya 8 polis əməkdaşının onun evinə basqın etməsi barədə yersiz hay-küy qaldırmağa çalışıb. Əli Kərimlinin bu hərəkəti məsələni siyasiləşdirmək və Azərbaycanda olan xarici jurnalistlərin diqqətini özünə cəlb etmək cəhdindən başqa bir şey deyildir. Hazırda Əli Kərimli izahat vermək üçün Bakı Şəhər Baş Polis İdarəsindədir”.