AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, iyulun 5-i qəbul imtahanına yollanan abituriyent Ramin Kərimov ən vacib günündə şəxsiyyət vəsiqəsini evdə unutduğunu öyrənəndə elə bildi ki, universitet arzusu gözləri önündə puç olur. Lakin, polis əməkdaşının vaxtında göstərdiyi kömək sayəsində o, imtahan zalına son anda daxil ola bilib.
Ramin Kərimov deyir ki, imtahana buraxılmayacağını anlayanda illərlə çəkdiyi zəhmətin bir anda puç olacağını düşünüb. Aylarla davam edən hazırlıq, qurduğu arzular və gələcəklə bağlı planları gözləri önündən keçirib.
Nə edəcəyini bilmədən çıxış yolu axtardığı anda isə ona yaxınlaşan polis əməkdaşı ümidini yenidən qaytarıb.
Zamanla yarışan polis əməkdaşı və abituriyent imtahanın başlamasına cəmi bir dəqiqə qalmış 34 nömrəli məktəbin binasına çatmağı bacarıblar.
Vaxtında göstərilən kömək sayəsində Ramin Kərimov qəbul imtahanına son anda çatıb və illərlə zəhmət çəkdiyi hədəf uğrunda mübarizəsini davam etdirmək imkanı qazanıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə də geniş yayılıb və polis əməkdaşının bu addımı rəğbətlə qarşılanıb.











































