Mağazasında oğurluq olduğunu bildirən «İrobot» şirkətinin Azərbaycandakı təmsilçisi Elşən Quliyev baş verən hadisəyə aydınlıq gətirib.
Onun sözlərinə görə, mağazaya müştəri kimi daxil olan polisin məqsədi oğurluq etmək olmayıb: “Kiçik araşdırma nəticəsində məlum oldu ki, polis əməkdaşı təsadüfən digər aksessuar komplektini götürüb. Onun niyyəti oğurluq olmayıb və təsadüfən götürdüyü məhsulun da ödənişini edib”.
Xatırladaq ki, şirkətin Azərbaycandakı təmsilçisi Elşən Quliyev mağazada oğurluq olması barəsində “Bizim Yol”-a özü məlumat verib. Onun sözlərinə görə, müştərilərdən biri satıcıya yaxınlaşaraq ondan təmizlik robortu üçün əlavə aksessuar alıb və pulunu ödəyib. Daha sonra o, satıcıdan əlavə paket istəyib. Fərhad Quliyev ona paket gətirmək üçün müştəridən aralanıb, bu zaman həmin şəxs digər aksessuar komplektini götürərək aradan çıxıb. Satıcı müştərinin hərəkətindən şübhələndiyi üçün nəzarət kamerasına baxıb və onun komplekti oğurladığını görüb. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib. Məlum olub ki, aksessuar komplektini aparan polis əməkdaşı olub.