- Hörmətli qonaqlar, əziz dostlar!
Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Cənab Prezident, Sizin səfəriniz böyük əhəmiyyət daşıyır. Əminəm ki, səfərin çox uğurlu nəticələri olacaqdır. Səfərdən sonra Rumıniya-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Əlaqələrimizin çox böyük tarixi vardır və çox gözəl gələcəyi olacaqdır. Çünki bütün sahələrdə aramızda əlaqələr dostluq və səmimiyyət üzərində qurulubdur. Biz siyasi sahədə tərəfdaşıq və bu gün imzalanmış sənəd bir də onu göstərir ki, aramızda sözün əsl mənasında, strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər gələcəkdə bütün sahələrdə bütün istiqamətlər üzrə güclü inkişafa təkan verəcəkdir. Bizim Sizinlə siyasi sahədə görüşlərimiz də mütəmadi xarakter daşıyır. Biz tez-tez görüşürük - həm Rumıniyada, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bir sözlə, bizim aramızda siyasi dialoq çox güclüdür. Bu, imkan verir ki, siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərsin.
Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır. Enerji sahəsində əməkdaşlıq inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac edilir. Azərbaycanın Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir. Qaz sahəsində də uğurlu əməkdaşlıq üçün gözəl şərait mövcuddur. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” üzrə bəyannamə imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, bu bəyannamə əsasında, o cümlədən Azərbaycan resursları hesabına ödəniləcəkdir. Azərbaycanın zəngin qaz ehtiyatları vardır və bu resurslar müxtəlif yollarla dünya bazarına çıxarılır. Rumıniya-Azərbaycan əlaqələri bu baxımdan müstəsna xarakter daşıyır. Çünki Rumıniya həm Nabukko layihəsinin fəal üzvüdür, eyni zamanda, AGRİ layihəsinin də təşəbbüskarıdır.
Sizin təşəbbüsünüzlə AGRİ layihəsinə start verilmişdir. Keçən ilin sentyabr ayında Bakıda Sizin iştirakınızla keçirilmiş AGRİ üzrə zirvə görüşü konkret nəticə vermişdir. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün konkret işlər görülür.
Mən ümid edirəm ki, Rumıniya-Azərbaycan əlaqələri Azərbaycan-Avropa əlaqələrinə də güclü təsir göstərəcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında hazırda “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq qurulmuşdur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın gözəl perspektivləri vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün gözəl şərait vardır. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurulur və qurulmalıdır.
Ölkələrimiz arasında əlaqələr təkcə iqtisadi, enerji və siyasi sahələrlə kifayətlənmir. Humanitar sahədə yaxşı əməkdaşlıq nümunələri vardır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi Buxarestdə ucaldılmışdır. Rumıniyanın görkəmli bəstəkarı Corce Eneskunun abidəsi Bakıda ucaldılmışdır. Biz Sizinlə bərabər bu tədbirlərdə iştirak etmişdik. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Bir sözlə, münasibətlərimiz, əlaqələrimiz çoxşaxəlidir, hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin inkişafı üçün hər iki tərəfdə güclü siyasi iradə mövcuddur.
Mən əminəm ki, əlaqələrimizin inkişafı, eyni zamanda, Qara dəniz və Xəzər dənizi regionlarının əməkdaşlığına da müsbət təsir göstərəcəkdir. Buna da böyük ehtiyac vardır. Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji layihələri və iqtisadi layihələr dəstəklənməlidir. Bu istiqamətdə Rumıniya və Azərbaycan əlaqələri xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələrin hazırda ən yüksək zirvədə olması bizi çox sevindirir.
Bir də demək istəyirəm ki, aramızda çoxlu sənədlər imzalanmışdır, o cümlədən bu gün. Onların içində strateji tərəfdaşlıq sənədi xüsusi əhəmiyyət daşıyır. Sənədin icrası nəticəsində əminəm ki, əlaqələrimiz müxtəlif istiqamətlər üzrə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, Sizin səfəriniz həm uğurlu, həm də Sizin üçün xoş keçəcəkdir.
-----------------
20:21
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun şərəfinə rəsmi ziyafət verilib.
AzərTAc xəbər verir ki, dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
-------------
17:38
Ali ordenlərlə təltif olunma mərasimi
Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV deyib: "Hörmətli cənab Prezident! Hörmətli dostlar!
Cənab Prezident, Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. Rumıniya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və bu gün imzalanmış sənəd bunu bir daha təsdiq edir. Siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz və Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır. Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq. İki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyiniz böyük
xidmətlərə görə bu yüksək mükafatı mən bu gün Sizə təqdim edirəm".
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim edib.
Prezident Trayan Besesku dövlətimizin başçısının Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirib. O qeyd edib ki, bu, dövlət başçılarına verilən ali mükafatdır. Trayan Besesku xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.
Qeyd edək ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı “Rumıniya Ulduzu” ordeni ilə təltif olunub. Rumıniya qanunvericiliyinə görə, “Sadiq xidmət” milli ordeni bundan əvvəl “Rumıniya Ulduzu” ordeni ilə təltif edilən şəxslərə təqdim olunur.
Prezident Trayan Besesku “Sadiq xidmət” milli ordeninin Böyük Xaç ranqını dövlətimizin başçısına təqdim edib.
*****
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku mətbuata bəyanatlarla çıxış ediblər.
--------------
17:09
Dövlət başçılarının geniş tərkibdə danışıqları
Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüşün iştirakçılarına müraciətlə deyib:
- Hörmətli cənab Prezident! Hörmətli qonaqlar!
Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaq.
Münasibətlərimiz strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır. Bu gün Sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdik və bir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Həm siyasi sahədə, eyni zamanda, iqtisadi, humanitar sahələrdə, hər bir istiqamətdə çox gözəl nəticələr vardır və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcək.
Bir daha xoş gəlmisiniz.
Rumıniya Prezidenti Trayan Besesku səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:
- Möhtərəm cənab Prezident! Çox təşəkkür edirəm ki, bu gün bizi öz ölkənizə dəvət etdiniz. Bu dəvətə əsasən mən bir daha Azərbaycana səfər edirəm. Bu səfər çərçivəsində biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik və dəyərli dostumla görüşmək imkanı əldə edəcəyik.
Azərbaycan-Rumıniya əlaqələrinə gəldikdə, zənnimcə bizim çox müfəssəl əlaqələrimiz vardır. Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq. Çünki məhz elə bu gün Sizinlə görüşdə də çox dəyərli və mühüm mövzular müzakirə edilmişdir.
-----------
16:35
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı imzaladılar
Aprelin 18-də Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı”nı Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında
əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzaladılar.
*******
Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.
-----------
15:28
Azərbaycan Respublikasında səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olub
AzərTAc dövlət agentliyinin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib.
Rumıniya və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Rumıniya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Trayan Beseskuya, Rumıniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
//milli.az