Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib. Ölkə başçısı Azərbaycanda aparılan quruculuq işlərindən, korrupsiya və rüşvətxorluqla mübarizədən, Dağlıq Qarabağ münaqişəsilə bağlı hazırki vəziyyətdən söz açıb.
”Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti var”
İlham Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması hadisəsinin həm bizim xalqımız üçün, həm dünya miqyasında çox böyük tarixi əhəmiyyəti var.
”Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı. Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir. Azərbaycan Demokratik Respublikası iki ildən sonra süqut etdi. Ondan sonra Azərbaycanda sovet dövrü başlanmışdır. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan inkişaf etmişdir, Azərbaycanda sosial-iqtisadi məsələlər öz həllini tapmışdır, savadsızlığa son qoyulmuşdur, - hesab edirəm ki, bu, tarixi nailiyyətdir, - Azərbaycanda elmin inkişafına təkan verilmişdir və xüsusilə 70-ci illərdə Azərbaycanda sənaye potensialı formalaşmışdır. O potensial ki, bəzi hallarda bu gün müstəqil Azərbaycanın inkişafında da bunun çox böyük mənası vardır. Kənd təsərrüfatı inkişaf etmişdir.
Bir sözlə, yenə də deyirəm, ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Ancaq əlbəttə, biz müstəqil deyildik və müstəqillik arzuları ilə yaşamışdıq. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. Bu barədə biz hamımız dəfələrlə öz fikirlərimizi bildirmişik”.
”Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı”
Prezident deyib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanıb. “Deyə bilərəm ki, dövlətçiliyimizin əsasları məhz 1993-cü ildən sonra formalaşmağa başlamışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə aparılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, ölkədə aparılan siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini vermişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa, informasiya blokadasını yara bilmişdir. Azərbaycan haqqında 1990-cı illərin əvvəllərində dünya ictimai rəyində formalaşmış təhrif edilmiş təsəvvür dəyişdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq təşkilatara üzv olmuşdur. Bir sözlə, 1993-cü ildən başlayaraq bütün sahələrdə quruculuq və inkişaf meyilləri başlanmış və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı və müstəqil inkişaf üçün həlledici mahiyyət daşıyan neft kontraktları imzalanmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edilmişdir. 1994-cü ildə bu məsələlər həll olunmağa başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və buraya investisiya qoymaq istəyənlərin sayı çox məhdud idi. Buna baxmayaraq, ölkəmiz üçün məqbul şərtlərlə neft kontraktları imzalanmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və beləliklə, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir.
Bütövlükdə 1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur”.
“Bir milyon iş yeri açılıb”
Prezidentin sözlərinə görə, son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artıb.
”Bu, dünyada analoqu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə nail olacağıq. Ölkəmizdə bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Beynəlxalq aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək qiymət mənim sözlərimi bir daha təsdiqləyir.
Son illər ərzində Azərbaycanda uğurlu enerji siyasəti aparılmışdır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü təmin edə bilmişik, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi veririk”.
”Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaq”
Prezident bildirib ki, ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmaqdadır.
”Ölkə iqtisadiyyatı öz dayanıqlığını, eyni zamanda, dünyada hökm sürən maliyyə və iqtisadi böhran zamanı göstərmişdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır və bütün investisiya layihələri icra edilmişdir. Keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Hesab edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır. Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir.
Bazar iqtisadiyyatına sadiqliyimiz şübhə doğurmur. Ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Bununla bərabər, çox güclü sosial siyasət aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasət ilə tamamlanırdı və məhz buna görə biz imkan vermədik ki, köklü iqtisadi islahatlar insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Əksinə, Azərbaycanda ildən-ilə maddi rifah, insanların yaşayış səviyyəsi artır və bütün sosial məsələlər öz həllini tapır”.
”Heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq”
Ölkə qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması olduğunu vurğulayan İlham Əliyev deyib ki, bütün səylərə baxmayaraq, bu günə qədər bu münaqişə öz həllini tapmayıb.
”Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulubdur. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir. O qətnamələrdə işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələri Ermənistan tərəfindən icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ ilə bağlı daha fəal olmasını alqışlayırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapmalıdır. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür və bu ədalətsizlik davam edir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.
Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcəkdir. Bu ümidləri möhkəmləndirən amillər son aylar ərzində kifayət qədər çox olmuşdur. Deyə bilərəm ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanmışdır. Bu günə qədər,- baxmayaraq ki, Minsk qrupu 1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir, - biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm rəsmi bəyanatlarda, həm aparılan danışıqlarda fikrimizi və narahatlığımızı ifadə etmişik ki, Ermənistan tərəfinə imkan verilməməlidir ki, danışıqları süni şəkildə uzatsın və danışıqlar prosesini sonsuz etsin. Yəni, belə narahatedici məqamlar var idi və bu barədə biz açıq şəkildə fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir ki, məsələ tezliklə öz həllini tapmalıdır, Helsinki Yekun Aktının əsasında öz həllini tapmalıdır. Bu da çox mühüm bəyanatdır və birinci dəfə deyil ki, səslənir. Ancaq bunu da deyə bilərəm ki, son müddət ərzində Helsinki Yekun Aktına bütün sənədlərdə istinad edilir. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü prinsiplərinin xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər bir xalqın öz müqəddəratını təyinetmə hüquqları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu da münaqişənin həlli üçün yeganə düsturdur.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və əməkdaşlıq yarana bilər və bütün tərəflər hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir. Bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir. Bir də demək istəyirəm ki, bu məsələ bizim üçün prioritet məsələdir, ən vacib məsələdir. Bütün səylərimizi səfərbər edib məsələnin həlli ilə bağlı lazımi addımları atırıq və atacağıq”.
”Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir”
Dövlət başçısı bildirib ki, Azərbaycanda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır.
”Bu mübarizə gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir. Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik. Korrupsiya, rüşvətxorluğa, xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparacağıq. Xüsusilə, görəndə ki, bu mübarizə nəticə verir, bu, bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır.
Ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir”.
Prezident deyib ki, iqtisadi sahədə şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcək: “Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki bir neçə il bundan əvvəl biz tam şəkildə idxaldan asılı idik. Bu gün nəinki özümüzü təmin edirik, eyni zamanda, ərzaq məhsullarımızı xarici bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz səviyyəsində təmin edəcək, eyni zamanda, bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır”.
Ölkə başçısı deyib ki, o istəyir ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı sıfıra bərabər olsun.
”Mən bilirəm ki, hətta inkişaf etmiş ölkələrdə buna heç kim nail olmayıb. Amma biz qarşımıza hədəf qoymalıyıq. O hədəf böyük hədəf olmalıdır. Bəzi hallarda əlçatmaz hədəf kimi görünür, ancaq eyni zamanda, bizdən asılıdır ki, bu fikirləri, bu arzuları reallığa çevirək və istədiyimizə nail ola bilək”.
”Ermənistanı bütün regional layihələrdən təcrid etmək üçün biz öz səylərimizi göstərəcəyik”
Prezidentin sözlərinə görə, Azərbaycan beynəlxalq əlaqələr istiqamətində çox düşünülmüş və balanslaşdırılmış siyasət aparır.
”Ermənistana gəldikdə, bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək üçün biz öz səylərimizi göstərəcəyik. Biz bunu gizlətmirik. Bu, bizim siyasətimizdir. Ermənistan torpaqlarımızı işğal edib. Bu siyasət işğala son qoyulanadək davam etdiriləcəkdir. Sülh müqaviləsi bağlanarsa, Ermənistan da regional layihələrə cəlb oluna bilər. Bu, onların addımlarından asılı olacaqdır”.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın 7 neft və qaz kəməri var ki, ölkəmiz təbii resurslarını 7 istiqamətdə dünya bazarlarına çıxarır.
”Yəni bu, sözün əsl mənasında, şaxələndirmədir. Bəzi ölkələr şaxələndirmə məsələləri ilə bağlı indi fəal işləyirlər, o cümlədən Azərbaycanla da danışıqlar aparırlar. Biz isə şaxələndirmə siyasətimizi uğurla başa vurmuşuq. Növbəti illərdə artıq yalnız bu marşrutlar əsasında ixrac imkanlarımızı genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən başqa daha heç bir istiqamət qalmayıb. Enerji resurslarımız qonşu ölkələrə nəql edilir. Gələcəkdə aparılacaq danışıqlardan asılı olaraq biz istənilən istiqamət üzrə enerji resurslarımızın ixracının həcmini artıra bilərik. Yenə də deyirəm ki, bu, aparılacaq danışıqlardan asılı olacaqdır.
Azərbaycan, bir də demək istəyirəm ki, gələcəyə böyük nikbinliklə baxır. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan 20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir”.
/// modern.az