Prezident pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Bütün Xəbərlər
14:50 22.04.2011
1607

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. “Hörmətli həmvətənlər! Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olması, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün ölkəmizi dünyada nümunəvi tolerantlıq məkanı kimi tanıdıb. Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması dövlət siyasətimizin prioritet istiqamətlərindəndir və bu sahədəki səylərimizi gələcəkdə də davam etdirəcəyik", - deyə təbrikdə vurğulanıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Dövlət başçısı qeyd edib ki, respublikamızın xristian icması, o cümlədən pravoslav vətəndaşlarımız ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər: "Əziz dostlar! Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bayramınız mübarək olsun!".

 

OXŞAR XƏBƏRLƏR