Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvana son səfəri 25 sentyabr 2023-cü ildə baş tutub. Həmin səfər zamanı dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak edib və bir sıra obyektlərin açılışını həyata keçirib.
Bəs bu səfərin Naxçıvan üçün əhəmiyyəti nədir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan AĞ Partiyasının sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu səfər Naxçıvanda son illərdə həyata keçirilən idarəetmə dəyişiklikləri fonunda xüsusi əhəmiyyət daşıyır:

"Vasif Talıbovun gedişindən sonra Naxçıvanda ciddi idarəetmə dəyişiklikləri baş verməyə başladı. Yeni nümayəndəlik, Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi yaradıldı və son üç il ərzində Naxçıvan ətrafında kifayət qədər ciddi proseslərin yaşandığını gördük.
Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidentinin indiki vaxtda Naxçıvana səfəri tarixi əhəmiyyət daşıyır.
Dəyişikliklərdən sonra baş tutan bu səfərin fonunda Naxçıvanın idarə edilməsində, eləcə də digər sahələrdə muxtar respublikada olan boşluqların aradan qaldırılması üçün də bu səfər böyük önəm daşıyacaq. Naxçıvan şəhərinə icra başçısı təyin olundu, eləcə də digər idarəetmə istiqamətlərində bəzi qərarlar həyata keçirildi.
Düşünürəm ki, Azərbaycan Prezidenti Naxçıvana qərarların necə icra edildiyini müşahidə etmək, vəziyyətlə yerində tanış olmaq üçün gedir”.
Politoloq Tural İsmayılov isə AZXEBER.COM-a bildirib ki, Prezidentin Naxçıvana səfəri bölgənin inkişafı və Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət imkanları baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu səfər ilk növbədə dövlət başçısının Naxçıvanın inkişafına verdiyi xüsusi diqqətin göstəricisidir. Son illərdə muxtar respublikada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, enerji təhlükəsizliyi istiqamətində atılan addımlar, yeni yolların, sosial obyektlərin və istehsal müəssisələrinin istifadəyə verilməsi regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb.
Prezident İlham Əliyevin birbaşa nəzarəti və siyasi iradəsi nəticəsində Naxçıvan artıq yalnız coğrafi baxımdan deyil, iqtisadi və logistika imkanları baxımından da yeni inkişaf mərhələsinə daxil olur. Siyasi aspektdən yanaşdıqda isə bu səfər Azərbaycanın ərazi bütövlüyünün, dövlət idarəçiliyinin vahidliyinin və milli həmrəyliyin nümayişidir. Eyni zamanda, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması səbəbindən türk dünyasının inteqrasiyası baxımından mühüm körpü rolunu oynayır. Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqəti Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət xəritəsində Naxçıvanın əsas mərkəzlərdən biri kimi nəzərdə tutulduğunu göstərir”.
Fəridə Əsədzadə
Yazı Medianın İnkişafı Agentliyinin "regionların sosial-iqtisadi inkişafının təşfiq edilməsi” mövzusunda dərc edilib.












































