Putin miqrantlara qarşı tələbləri sərtləşdirdi

Putin miqrantlara qarşı tələbləri sərtləşdirdi
DÜNYA
21:35 04.08.2026
236
Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi, müvəqqəti və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi qaydalarını sərtləşdirən, həmçinin əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına əsas verən halların siyahısını genişləndirən qanunu imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sənədə əsasən, hər hansı cinayətə görə üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş əcnəbilərə Rusiya vətəndaşlığının, müvəqqəti yaşamaq icazəsinin və daimi yaşayış icazəsinin verilməsindən imtina ediləcək. Əgər həmin sənədlər artıq verilibsə, sonradan müvafiq məhkumluq halı aşkar edildiyi zaman onlar ləğv olunacaq.

Qanuna əsasən, müraciət edilməzdən ən geci üç ay əvvəl yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş məhkumluğun olub-olmaması barədə sənədin təqdim edilməsi məcburi olacaq. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər isə onların hər biri üzrə müvafiq sənədləri təqdim etməlidirlər.

Yeni tələblər 14 yaşdan kiçik əcnəbi vətəndaşlara, qaçqın statusu almış və ya Rusiyada siyasi sığınacaq əldə etmiş şəxslərə, həmçinin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş əcnəbilərə şamil edilmir.

Bundan başqa, dövlət başçısı əcnəbi vətəndaşların Rusiyadan inzibati qaydada çıxarılmasına səbəb olan inzibati xətaların siyahısını genişləndirən qanunu da imzalayıb. Bununla əlaqədar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayı 22-dən 45-ə çatdırılıb.

Yeni qaydalara əsasən, xüsusilə icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəlmiş hərəkətlər, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar, ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar, xırda xuliqanlıq, ayrı-seçkilik, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət sərhədində xidmət aparan hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də ekstremist fəaliyyətlə bağlı bir sıra inzibati xətalara görə əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması nəzərdə tutulur.

Qanunda, həmçinin miqrasiya qanunvericiliyinin ayrı-ayrı tələblərinin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur. Bu pozuntulara əcnəbi vətəndaşların qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, onların qanunsuz şəkildə işə cəlb edilməsi, habelə ölkəyə giriş, ölkədə qalma və dövlət sərhədini keçmə qaydalarının pozulması daxildir.
OXŞAR XƏBƏRLƏR