Bazar ertəsi ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin "Qala" Təlim-Tədris Mərkəzinin açılışı olub. Mərkəzin açılışında ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, şirkətin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasov və digər qonaqlar iştirak ediblər.Trend-in məlumatına görə, vitse-prezident Xalik Məmmədov çıxış edərək kurslarda iştirak edəcək atıcı heyətini təbrik edib, mərkəzin yaradılmasını yüksək qiymətləndirib. Qeyd olunub ki, 2005-ci ildən ARDNŞ-nin kadr hazırlığı proqramı işlənmiş və uğurla həyata keçirilir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərəcək sayca 3-cü olan bu mərkəzin açılışı kadr hazırlığı istiqamətində işlərin müvəffəqiyyətlə davam etdirilməsinin daha bir təzahürüdür.Mərkəz Təhlükəsizlik İdarəsində çalışan atıcıların, rəhbər heyətin təlimatlandırılması və maarifləndirilməsi işini həyata keçirəcək. Kurslarda atıcılara təhlükəsizlik, posta buraxılış qaydaları, ilk tibbi yardım, psixoloji hazırlıq və peşə etikası, rabitə və informasiya vasitələri ilə iş, yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları haqqında ümumi məlumat veriləcək. Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyev, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasov çıxış edərək, mərkəzin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı münasibətilə müdavimləri təbrik edib, yeni mərkəzin əməkdaşlarına işlərində uğurlar arzulayıblar.ARDNŞ-nin vitse-prezidenti və mərasimdə iştirak edən idarə rəisləri sonda mərkəzin tədris, təlim otaqlarını və yataqxana kompleksini gəzərək yaradılmış şəraitlə tanış olublar.