2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universiteti ilə Türkiyənin İstanbul Texniki Universiteti (İTÜ) arasında beynəlxalq ikili diplom proqramı həyata keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, proqram Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2025-ci il tarixli "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı çərçivəsində reallaşdırılacaq.
İkili diplom proqramı İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edəcək. Tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk üç ili Xankəndidə yerləşən Qarabağ Universitetində, dördüncü ili isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Dörd il ərzində dərslər İTÜ professorları tərəfindən tədris olunacaq.
Proqramın bütün xərcləri dövlət tərəfindən qarşılanacaq. Təhsili uğurla başa vuran məzunlara həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomu təqdim ediləcək.
Bildirilib ki, proqram çərçivəsində İTÜ təcrübəsi əsasında yaradılan müasir laboratoriyalarda tədris, tədqiqat və innovasiya fəaliyyəti həyata keçiriləcək. Bu yanaşma mühəndislik təhsilində yeni modelin formalaşmasına, sənaye ilə universitet əməkdaşlığının genişlənməsinə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına imkan yaradacaq.
Qeyd edək ki, QS World University Rankings 2027 reytinqinə əsasən, İstanbul Texniki Universiteti Türkiyənin ən yaxşı universiteti, dünya üzrə isə 279-cu pillədə qərarlaşıb.











































