Qarabağ yeni inkişaf mərhələsinə qədəm qoyur

Qarabağ yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
16:07 14.05.2026
359
Habil Ağazadə
 
Prezident İlham Əliyevin mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, mayın 10-da isə Zəngilan şəhərinə köçən sakinlərlə görüşü Azərbaycanın postmüharibə mərhələsində həyata keçirdiyi strateji siyasətin mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışlarında səsləndirilən fikirlər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesinin yalnız infrastruktur layihəsi deyil, həm də milli yaddaşın, tarixi ədalətin və iqtisadi potensialın yenidən dirçəldilməsi olduğunu göstərdi.

Prezident İlham Əliyevin "Şükürbəyli kəndi tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı” sözləri Ermənistanın işğal illərində həyata keçirdiyi vandalizm siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoyur. İşğalçı tərəfin məqsədi yalnız torpaqları nəzarətdə saxlamaq deyildi. Hədəf həm də Azərbaycan xalqının həmin ərazilərdəki tarixi, mədəni və mənəvi izlərini silmək idi. Lakin zaman göstərdi ki, xalqın öz torpağına bağlılığını və dövlətin siyasi iradəsini heç bir dağıntı məhv edə bilməz.

Bu gün Cəbrayıl və Zəngilanda müşahidə olunan mənzərə tamamilə yeni reallığın formalaşdığını təsdiqləyir. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar artıq təkcə öz evlərinə deyil, dövlətin yaratdığı yeni inkişaf modelinə qayıdırlar. Müasir kəndlər, geniş yol infrastrukturu, enerji təminatı, sosial obyektlər və ağıllı idarəetmə yanaşmaları Qarabağın yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini göstərir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu torpaqları yalnız döyüş meydanında deyil, eyni zamanda quruculuq meydanında da yenidən qazanır. Bu yanaşma postmüharibə dövrü üçün yeni və güclü dövlət modelinin formalaşdığını nümayiş etdirir. Cəbrayıl və Zəngilanın strateji mövqeyi, həyata keçirilən infrastruktur layihələri və Zəngəzur dəhlizi perspektivi bu bölgələrin gələcəkdə həm iqtisadi, həm də logistika baxımından regionun əsas mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.

Artıq Qarabağ yalnız bərpa olunan bir məkan deyil. Bu region Azərbaycanın gələcək inkişafının, iqtisadi gücünün və milli həmrəyliyinin simvoluna çevrilməkdədir.

OXŞAR XƏBƏRLƏR