Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da bəyan edib ki, iyunun ikinci yarısında Dağlıq Qarabağ nizamlanması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya, prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək: “Burada müəyyən sirr olan məsələlər var. Ümumi istiqamət onu göstərir ki, Dağlıq Qarabağ problemi artıq həll olunmaq üzrədir”(APA). 28 May Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı prezident İlham Əliyev deyib ki, “son aylar bu istiqamətdə ümidləri möhkəmləndirən amillər kifayət qədər çox olub. İlk dəfə olaraq Minsk Qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanılıb. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”. Hazırda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerikada rəsmi səfərdədir. Onun ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəyi bildirilir.
Pa-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da təsdiqləyib ki, iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşə təkcə biz yox, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər, onların prezidentləri böyük əhəmiyyət verir”.
O, hər üç ölkə prezidentinin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb: “Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm Minsk Qrupu həmsədrlərinin, həm də beynəlxalq ictimaiyyətin əsas tələbi - regiondakı status-kvonun dəyişdirilməsi istəyi reallaşsın. Status-kvonun dəyişdirilməsi münaqişənin həllində birinci mərhələnin, yəni Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq və müəyyən bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacaq”.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza isə bildirib ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin “G-8” ölkələrinin Dağlıq Qarabağla bağlı birgə bəyanatı ümid verir. Səfirin sözlərinə görə, ABŞ prezidentinin həmin görüşdə qeyd etdiyi kimi, artıq Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsinin vaxtı çatıb: “Biz inanır və ümid edirik ki, hər iki ölkə prezidenti yekun sülh razılaşmasının təməlini təşkil edən prinsiplər barədə düşünəcəklər. Doğrudur, baza prinsipləri yekun sülh razılaşması demək deyil, amma bu, həmin yekun sülh razılaşmasının əsasını, təməlini təşkil edən bir razılaşma sənədidir. Mən Azərbaycana səfir kimi gələndən qeyd etmişəm ki, mənim missiyam daxilində Minsk Qrupunun fəaliyyətinə dəstək verməkdən, kömək göstərməkdən daha vacib bir məsələ yoxdur. Çünki bu münaqişə yalnız sülh yolu ilə öz həllini tapa bilər. ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı məndə də bir ümid yaradıb. Ümid edirəm ki, prezidentlər Əliyev və Sərkisyanın martın 5-də Soçi görüşündən sonra yaranmış nikbin müsbət mühit növbəti görüşdə də davam edəcək”.
Nə baş verir? Münaqişənin həlli məsələsinin yenidən müzakirə mövzusuna çevrilməsinə əvvəlkilərdən fərqli səbəb var, yoxsa yenə də hər şey ənənəvi bəyanatlar, hansısa formal sənədlərin imzalanması ilə yekunlaşacaq?
Deputat Zahid Oruc bununla bağlı «Azadlıq» Radiosunun sualını cavablandırarkən deyib ki, Rusiya sülhməramlı bir nüfuz əldə etmək və öz avtoritetini qaldırmaq üçün həqiqətən də Qarabağ məsələsində nisbi bir çözüm tapılmasını istəyir. «Amma bu sonadək Azərbaycanın, yaxud Ermənistanınmı xeyrinə bir çözüm olacaq, bu da hələ ki, mübahisə mövzusudur. Hər haıda, Rusiyanın mövqeyinin gücləndirilməsinə, həm də ilk dövrlər üçün müqavilənin hazırlanmasına xidmət edən bir sənədin gerçəkləşəcəyini gözləyirəm”.
Konfliktoloq Arif Yunus isə bildirib ki, ilk növbədə ABŞ tərəfindən belə səylər göstərilir. «Amma bu o demək deyil ki, həqiqətən Qarabağ məsələsi yaxın vaxtlarda həll olunacaq. Bundan öncə də uzun illər görüşlər olub. Kimsə nəsə söz verib, kimsə nəyəsə inandırıb. Amma nəticə göz qabağındadır. İndi də belə olacaq. Məsələnin belə qabarıq şəkildə yenidən gündəmə gəlməsinin səbəbi sadəcə odur ki, ABŞ regiondakı qaynar nöqtələrlə bağlı hansısa bir addım atmaq, nəsə etmək istəyir. Amma İsrail Fələstin məsələsi ilə bağlı konkret nəticələr olmadığı kimi, Qarabağa dair də nəsə olacağı inandırıcı deyil. Arif Yunus istisna etmir ki, Rusiyada nəzərdə tutulan iyun görüşündə nəsə bir sənəd imzalansın. Onun sözlərinə görə, imzalansa belə, ümumi xarakterli bir sənəd olacaq...”