Azərbaycandan çox uzaqlarda yerləşən Farer adaları haqda təsəvvürüm belə olmadığından bu məkan mənim üçün çox maraqlı idi. Paytaxt Torshavn şəhərinə çatmaq üçün uzun yol qət etməli olduq. 17-18 saatlıq uçuşlardan sonra nəhayət, Danimarkanın muxtar vilayəti olan Farer adalarına çatdıq. (İstanbul və Kopenhagen hava limanlarında istirahət etmək imkanı oldu – müəl.). Təyyarədən enərkən sanki qışa düşdük. Bəli, Farer adalarında yay aylarında orta temperatur +8-9 dərəcədir. Dörd tərəfi okean suları ilə əhatələnən adada rütubət və nəmişlik demək olar ki, ilin bütün fəsillərinə xarakterikdir.
50 minə yaxın əhalisi olan bu ölkənin havası kimi, insanlarının həyat tərzi də əslində çox soyuq təsir bağışlayır. Hələ mehmanxanaya gedərkən yolda çox az sayda adamın gözə dəyməsi bizi təəccübləndirdi. Adada qaldığımız günlər ərzində bir şeyi anladım - Bakıda böyüyüb boya-başa çatan insan üçün bu ölkədə yaşamaq çətin olar. Hətta istirahət üçün də əlverişli deyil. Farer adalarında sanki həyat dayanıb. Soyuq hava, yağış, boş küçələr... Lakin küçələrdə ünsiyyətdə olduğum az sayda insanlarda müşahidə etdim ki, çox mehriban xalqdır.
Qardaşlıq dünyası
“Qarabağ” klubu Torshavn şəhərinin mərkəzi mehmanxanasında məskunlaşdı. Hələ ilk gündən hiss olunurdu ki, futbolçular arasında birlik, mehribançılıq var. “Qarabağ”ın heyətində çıxış edən azərbaycanlı futbolçuların çoxu ilə münasibətim olduğundan ab-havaya uyğunlaşmaq çətin olmadı. İlk gündən özümü komandanın bir üzvü hiss etdim. Bu komandanın daxilində möhtəşəm ab-hava hökm sürür. Əsasən yerli futbolçulardan təşkil olunan kollektivdə futbolçuların özlərini sərbəst hiss etdikləri hiss olunurdu. Görürdüm ki, Qurban Qurbanov harada mülayim, harada sərt rəftar etmək lazım olduğunu düzgün müəyyənləşdirir və buna görə də futbolçular ona çox hörmət edirlər. Bu komandada həqiqətən qardaşlıq münasibəti var. Amma bu qardaşlıq dini qruplaşma deyil. Komandanın heyətində ibadət edənlər də var, öz həyatını yaşayanlar da. Bir şeyi dəqiq deyə bilərəm ki, “Qarabağ”lı futbolçuların ətrafında heç kim darıxmaz. Onların düşərgəsində yaşanan hər gün yeni macəradı.
Rəşad Sadıqovda olan cəsarət, ədalət və mübarizlik
Bu səfər zamanı ölkə futbolunun ən xarızmatik simalarından olan Rəşad Sadıqovu tanımaq və sizlərə tanıtmaq istəyim var idi. Rəşad Sadıqovu çox diqqətlə müşahidə etdim və özüm üçün nəticə çıxartdım. İlk andan anladım ki, Rəşad həqiqi liderdi. Komanda yoldaşları arasında xüsusi çəkiyə malikdi. Onun içində bir canavar yaşayır və o, hər zaman mübarizə aparmağa, savaş etməyə hazırdı. Millimizin bu günə qədər üzləşdiyi əksər iri hesablı məğlubiyyətlərdə Rəşad Sadıqovun adı hallanıb və o, məşqçilərə “torba tikməkdə” günahlandırılıb həmişə. Bunların ağ yalan olduğuna şübhəm qalmadı. Rəşad mərd, döyüşkən və çox vətənpərvər insandı. Onun haqqında deyilənləri öz qüruruna sığışdırmadığı dəqiqdir. Zənnimcə, bu söhbətlər Rəşadın yer aldığı bütün komandalarda lider nüfuzuna qarşı qısqanc münasibətin nəticəsidir. Belə söhbətlər ortaya atılanda heç kim sıravi oyunçudan yox, məhz komandanın liderindən şübhələnməyə başlayıb. İnanmıram ki, hansısa məşqçi və ya futbolçu Sadıqovun üzünə qarşı bu ittihamları səsləndirə bilsin. Tam mübaliğəsiz deyə bilərəm ki, Rəşadda olan cəsarət, ədalət və mübarizlik çoxlarında yoxdur.
Əzmkar rəqib
“Streymur”la oyuna gəlincə, “Qarabağ” son anda qələbəni əldən verdi. Təəssüf... 90 dəqiqə ərzində oyuna nəzarət edən tərəf “Qarabağ” idi. Əlverişli fürsətləri boşa verən ağdamlılar sonda bunun acısını çəkdilər. Rəqib futbolçuların ustalıq səviyyəsi bizimkilərdən aşağı olsa da, əzmkarlıq hesabına bərabər oynamağa çalışırdılar. Xüsusilə aut atışlarından sonra cərimə meydaçamızda qarışıqlıq yaranırdı. Qol da məhz belə epizodda vuruldu. Düşünürəm ki, “Qarabağ” Bakıda rəqibini məğlub edib, növbəti mərhələyə adlayacaq.
“Kimliyindən asılı olmayaraq sona qədər döyüşəcəyik!”
Emin ABBASOV,
Premyerliqa.az