Xəbər verdiyimiz kimi, Qax rayonunda işsizlik, kəndlərin qazlaşdırılması və elektrik enerjisinin verilməsində yaranan fasilələr sakinlərin narazılığına səbəb olub. Rayon sakinləri mövcud problemlərin həll olunmadığını bildirərək sosial şəbəkələrdə şikayətlərini dilə gətiriblər.
Qax Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesabında sakinlər rayonun müxtəlif problemlərini gündəmə gətiriblər.
Şərhlərdə rayon ərazisində yeni zavod və fabriklərin yaradılmasının vacibliyi vurğulanıb. Sakinlər uzun illərdir fəaliyyət göstərməyən konserv zavodunun yenidən istifadəyə verilməsini istəyiblər. Onların sözlərinə görə, bu müəssisələrin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılmasına və işsizliyin azalmasına kömək edə bilər. Xüsusilə gənclər üçün daha çox məşğulluq imkanlarının yaradılmasının vacibliyi qeyd olunub.
Qaxın kəndlərinin qazlaşdırılması da sakinlərin şikayətləri arasında yer alıb. Onlar rayonun bəzi kəndlərində qaz probleminin həll olunmadığını bildirərək bu məsələnin ölkə rəhbərliyinin diqqətinə çatdırılmasını istəyiblər. Sakinlərin fikrincə, kəndlərin qazlaşdırılması turizmin inkişafına və işsizliyin azalmasına da müsbət təsir göstərə bilər.
Rayonun elektrik təchizatı ilə bağlı narazılıqlar da diqqət çəkib. Sakinlər Qaratala, Qıpçaq, Kötüklü, İbaxlı və Uzuntala kəndləri də daxil olmaqla, 10-dan artıq yaşayış məntəqəsində elektrik xətlərinin vəziyyətindən şikayət ediblər.
Onların sözlərinə görə, adi yağışlı havalarda belə elektrik enerjisinin verilməsində fasilələr yaranır, bəzən işıq 4-5 saat ərzində bərpa olunmur. Qarşıdan qış mövsümünün gəldiyini xatırladan sakinlər soyuq aylarda vəziyyətin daha da çətinləşəcəyindən narahatlıqlarını ifadə ediblər.
Qax-Qorağan avtomobil yolunun vəziyyəti də sakinlərin narazılığına səbəb olub. Onlar yağışlı və dumanlı havalarda, xüsusilə gecə saatlarında yolun nişanlanma xətlərinin zəif görünməsindən şikayət edərək xətlərin yenidən çəkilməsini istəyiblər. Bildirilib ki, bu vəziyyət sürücülərin hərəkətini çətinləşdirir və qəza riskini artırır.
Məsələ ilə bağlı Qax Rayon İcra Hakimiyyəti AZXEBER.COM-a açıqlama verib. Bildirilib ki, rayon ərazisində yeni zavod, fabrik və ya digər istehsal, xidmət müəssisələrinin yaradılması məqsədilə rayonda investorlar üçün əlverişli mühit formalaşdırılıb:
"Yeni zavod, fabrik və ya digər istehsal, xidmət müəssisələrinin yaradılması məqsədilə rayonda investorlar üçün əlverişli mühit formalaşdırılıb. Qax Rayon İcra Hakimiyyəti investorlara çağırış edərək bildirir ki, qanunvericiliyə uyğun olaraq hər bir təklif və təşəbbüs müsbət qiymətləndirilməklə icrası istiqamətində dəstək göstəriləcək.
Rayonun qazlaşmayan məntəqələrinin qazlaşmasına köməklik olunması üçün Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aidiyyəti qurumlara müraciət olunur. Bu məsələ ən prioritet məsələlərdən biri kimi nəzarətdədir. Rayonun yaşayış məntəqələrinin bir hissəsində elektrik təsərrüfatı 60-cı illərdə qurulub. Təsərrüfatın mərhələli yenilənməsi istiqamətində aidiyyəti qurum tərəfindən işlər nəzərdə tutulur. Qorağan-Qax avtomobil yolunda nişanlama xətlərinin yenilənməsi ilə bağlı tərəfimizdən müvafiq quruma müraciət olunub”.
Aynur Babazadə










































