“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?

“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?
İQTİSADİYYAT
15:36 11.11.2026
52
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu, əməkhaqqının faktiki ödənilən məbləğinin izlənilməsinə, ödənişlərin gecikdirilməsi və ya bir hissəsinin gizlədilməsi hallarının aşkar edilməsinə imkan verəcək.

Yeni mexanizmin tətbiqi əmək münasibətlərində şəffaflığın artırılması və işçilərin hüquqlarının qorunması baxımından mühüm addım hesab olunur. Bəs bu yenilik əməkhaqqının gizlədilməsi hallarını aradan qaldıra biləcəkmi və işçilər üçün hansı üstünlüklər yaradacaq?

İqtisadçı Günay Hüseynova AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni mexanizm işçilərin əmək hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası baxımından müsbət rol oynaya bilər:

"Yeni mexanizmin tətbiqi bu kimi neqativ halların qarşısının alınmasına əsas vermir. Sadəcə düşünürəm ki, yeni mexanizm işçilərin hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası baxımından müsbət rol oynayacaq.

Məlumdur ki, bir sıra özəl şirkətlər tərəfindən, xüsusilə də əmək qanunvericiliyinin tələbləri pozulur. Belə ki, bəzi işəgötürənlər sistemdə işçilərin əməkhaqqını minimum məbləğdə göstərir, qalan hissəni isə onlara nağd şəkildə ödəyirlər. Bu üsuldan həm vergidən yayınmaq, həm də dövlətə ödənilən məcburi ödənişlərin məbləğini azaltmaq məqsədilə istifadə olunur”.

İqtisadçı yeni mexanizmin işçilərin xarici səfər və bank əməliyyatları zamanı qarşılaşdıqları problemlərin həllinə də kömək edə biləcəyini vurğulayıb:

"Yeni mexanizmin işçilər üçün müsbət tərəflərinə gəldikdə, qeyd etmək lazımdır ki, bu, onların bir sıra problemlərinin həllinə kömək edə bilər. Məsələn, şəxs xarici ölkəyə səyahət etmək istədikdə, ondan bank hesabından çıxarış tələb olunur. Lakin əməkhaqqının bir hissəsini nağd şəkildə aldığı və bank hesabında müvafiq hərəkətlilik olmadığı üçün belə hallarda problemlə qarşılaşır.

Vətəndaşların üzləşdiyi digər problem isə bəzi özəl şirkətlər tərəfindən əməkhaqqı hüquqlarının pozulmasıdır. Tutaq ki, şəxs bir ay ərzində çalışır və onun əməkhaqqı 900 manatdır. Lakin sistemdə yalnız 400 manat göstərilir. İşəgötürən sabah həmin şəxsi işdən çıxardıqda, ona ən yaxşı halda sistemdə qeyd olunan 400 manat əsasında ödəniş edilir. Qalan məbləğ, yəni əvvəllər nağd şəkildə verilən vəsait isə sistemdə əks olunmadığı üçün işçi onu tələb etməkdə çətinlik çəkir.

İşçi əməkhaqqının əslində minimum məbləğdən deyil, ondan iki dəfə və ya daha çox yüksək olduğunu sübut edə bilmir. Bu baxımdan, yeni mexanizm həm vergidən yayınma hallarının, həm də işçilərin əmək hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edə bilər”.

Günay Hüseynova əməkhaqqının sistemdə aşağı göstərilməsinin vətəndaşların kredit əldə etməsinə də mane olduğunu qeyd edib:

"Digər məsələ isə vətəndaşların kredit müraciətləri ilə bağlıdır. Məsələn, şəxs müəyyən məbləğdə kredit üçün müraciət etdikdə, böyük ehtimalla onun müraciətinə imtina cavabı verilir. Bunun ilkin səbəbi əməkhaqqının sistemdə minimum məbləğdə qeydə alınmasıdır. Nəticədə vətəndaş hər hansı problemini həll etmək üçün kredit əldə edə bilmir.

Hətta şəxsin aktiv krediti olduğu halda, başqa bir ehtiyacını qarşılamaq üçün yenidən kreditə müraciət etməsi də çətinləşir. Çünki sistemdə onun əməkhaqqı minimum məbləğdə görünür. Mövcud kredit öhdəlikləri, yaşayış xərcləri və digər amillər nəzərə alındıqda, ona yeni kreditin verilməsi mümkün olmur. Təbii ki, bu da həmin şəxslərin yaşayış səviyyəsinə mənfi təsir göstərir”.

İqtisadçı hesab edir ki, əməkhaqqının tam rəsmiləşdirilməsi üçün əlavə mexanizmlərin tətbiqinə də ehtiyac var:

"Ümumiyyətlə, düşünürəm ki, gizli qalan əməkhaqqı məbləğlərinin rəsmiləşdirilməsi üçün yalnız yeni mexanizmin tətbiqi deyil, daha fərqli və effektiv üsullardan istifadə olunması məqsədəuyğun olardı. Əlbəttə, yeni mexanizm işçilərin hüquqlarının qorunmasına kömək edəcək. Lakin gizli saxlanılan əməkhaqqı məbləğlərinin ödənilməsi problemi olduğu kimi qala bilər.

Bu baxımdan, düşünürəm ki, işçilərin gələcəkdə daha yüksək pensiya almasını təmin edən mexanizmlərin yaradılması, erkən pensiya sisteminin tətbiqi imkanlarının nəzərdən keçirilməsi də vacibdir. Əgər vətəndaş gələcək pensiyasının məbləğini əvvəlcədən hesablaya bilsə və sistem daha şəffaf olsa, o zaman işçilər öz hüquqlarını daha yaxşı anlayacaq və rəsmi əməkhaqlarının sistemdə düzgün əks olunmasını tələb edəcəklər.

Vətəndaş özünə məxsus pensiya kapitalını və gələcəkdə alacağı pensiyanın məbləğini aydın şəkildə görə bilməlidir. Bu, işçilərin əməkhaqlarının tam və düzgün rəsmiləşdirilməsində maraqlı olmasına şərait yarada bilər.

Düşünürəm ki, əməkhaqqı sistemində şəffaflığın təmin olunması üçün təklif etdiyim bu kimi əlavə mexanizmlərin tətbiqi daha məqsədəuyğun olardı”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR