Payızın sonu və qış aylarında havaların soyuması insanların istirahət seçimlərinə də təsir edir. Xüsusilə qar mənzərələrini görmək, dağ havasında dincəlmək, xizək sürmək və şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlər üçün Azərbaycanda bir sıra turizm məkanları mövcuddur.
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələri soyuq aylarda turistlərə fərqli istirahət imkanları təqdim edir. Dağ kurortlarından termal istirahət mərkəzlərinə, tarixi kəndlərdən meşəlik ərazilərə qədər ölkədə qış mövsümünü keçirmək üçün bir çox seçim var.
Qış turizmi dedikdə ilk yada düşən məkanlardan biri Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzidir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən kompleks qış aylarında xizək və snoubord həvəskarlarının üz tutduğu əsas ünvanlardan biridir. Burada müxtəlif çətinlik səviyyələrinə uyğun xizək trasları, kanat yolları, qar motosikletləri və digər əyləncə imkanları mövcuddur. Xizək sürməyi bacarmayanlar da dağ mənzərələrindən zövq ala, istirahət mərkəzlərinin xidmətlərindən yararlana bilərlər.
Qəbələdə Tufandağ – qar mənzərələri və dağ istirahəti
Qış turizminin seçilən ünvanlarından biri də Qəbələ rayonunda yerləşən Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksidir. Burada ziyarətçilər kanat yolları vasitəsilə dağların zirvəsinə qalxa, qarlı mənzərələri seyr edə və xizək sürə bilərlər. Kompleksdə snoubord, qar motosikleti və digər qış əyləncələri də təklif olunur. Tufandağ həmçinin ailəvi istirahət üçün əlverişli məkanlardan hesab edilir.
Xınalıq – qışın sərt, mənzərələrin möhtəşəm olduğu kənd
Quba rayonunun yüksək dağlıq ərazisində yerləşən Xınalıq kəndi qış aylarında tamamilə fərqli görkəm alır. Qar örtüyünə bürünən evləri, dağ mənzərələri və özünəməxsus memarlığı ilə seçilən kənd turistlərin maraq göstərdiyi məkanlardandır.
Xınalıq həm də qədim tarixi və mədəni irsi ilə tanınır. Kənd və Köç Yolu 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qışda buraya səfər etmək istəyənlər isə hava şəraitini və yolların vəziyyətini əvvəlcədən yoxlamalıdırlar. Güclü qar səbəbindən dağ yollarında hərəkət çətinləşə bilər.
Naxçıvanda Ağbulaq – qış idman həvəskarlarının ünvanı
Naxçıvanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzi də soyuq havalarda diqqət çəkən turizm məkanlarındandır. Kiçik Qafqaz dağlarının əhatəsində yerləşən mərkəzdə qış aylarında xizək və snoubord sürmək, qar üzərində müxtəlif əyləncələrdən yararlanmaq mümkündür.
Ağbulaq xüsusilə dağ mənzərələrini sevənlər və qış idman növlərinə maraq göstərənlər üçün alternativ istirahət ünvanıdır.
Lənkəran və Lerik – soyuq havalarda təbiət qoynunda istirahət
Qarlı dağ mənzərələrindən fərqli olaraq, daha mülayim iqlimdə istirahət etmək istəyənlər üçün Lənkəran və Lerik də maraqlı seçimdir. Xəzər dənizi ilə Talış dağları arasında yerləşən bu ərazilər meşələri, təbii mənzərələri, çay plantasiyaları və yerli mətbəxi ilə seçilir.
Lənkəranda Hirkan Milli Parkını ziyarət etmək, bölgənin təbiəti ilə tanış olmaq, yerli mətbəxin nümunələrindən dadmaq mümkündür. Lerik isə dağ mənzərələri və sakit istirahət imkanları ilə diqqət çəkir. Bu istiqamət xüsusilə qar idmanlarından çox təbiət qoynunda dincəlmək istəyənlər üçün uyğundur.
Naftalan – qış aylarında sağlamlıq və istirahət
Soyuq havalarda aktiv istirahətdən daha çox rahatlıq və sağlamlıq turizminə üstünlük verənlər üçün Naftalan da diqqət çəkən istiqamətlərdəndir. Şəhər müalicəvi Naftalan nefti ilə tanınır. Burada fəaliyyət göstərən sanatoriya və istirahət mərkəzlərində müxtəlif sağlamlıq və reabilitasiya xidmətləri təklif olunur.
Naftalanın üstünlüklərindən biri də istirahət imkanlarının yalnız yay mövsümü ilə məhdudlaşmamasıdır. Qış aylarında da qapalı məkanlarda xidmətlərdən yararlanmaq mümkündür.
Fəridə Əsədzadə










































