Qaxın icra başçısından namizədə sensasion hədə: “Seçkidən sonra gününü qara edəcəm”

Qaxın icra başçısından namizədə sensasion hədə: “Seçkidən sonra gününü qara edəcəm”
Bütün Xəbərlər
14:29 26.10.2015
2123
Qax rayonu icra başçısı Musa Şəkiliyev İcra Hakimiyyətinin binasında “Əhməd Şahidova qarşı qərargah” yaradıb. 
Qax rayonunda baş verən son hadisələr artıq ölkə mətbuatının diqqət mərkəzindədir. Rəsmi təbliğat-təşviqata start verilən gündən başlayaraq, hazırkı deputat Azər Kərimlinin əsas rəqibi olan hüquq müdafiəçisi Əhməd Şahidova qarşı müxtəlif xarakterli təzyiqlər edilməkdədir. 
Rayondan AZXEBER.COM-a verilən məlumata görə, yerli məmurlar səviyyəsində təşkil edilən bu təzyiqlər birbaşa icra başçısı Musa Şəkiliyev tərəfindən idarə olunur. Belə ki, Qax bələdiyyəsinin sədri, Qax şəhər icra nümayəndəsi, İcra Hakimiyyətinin şöbə müdirləri və digər şəxslər öz şəxsi avtomobillərində qeyri-qanuni izləmə əməliyyatı keçirir, deputatlığa namizədin kəndlərdə keçirdiyi görüşlərdə müşahidələr aparır və görüşə gələn kənd sakinlərinə hədə-qorxu gəlirlər. Ötən gün Zəyəm kəndində baş verənlər və Zəyəm bələdiyyəsinin sədri Kamil Səfərov adlı şəxsin hərəkətləri artıq Qaxda baş verənlərin pik həddə çatdığını əyani sübut etmiş oldu. Əldə etdiyimiz məlumata görə, bütün bu hərəkətlər İcra Hakimiyyətində yerləşən qeyri-rəsmi qərargahda müzakirə olunur və zəruri təlimatlar verilir. İcra başçısı Musa Şəkiliyevin göstərişi ilə İcra Hakimiyyətinin binasında ayrıca otaq ayrılıb və bu otaq deputatlığa namizəd Əhməd Şahidova qarşı fəaliyyət göstərən “qərargah” rolunu oynayır. Deputatlığa namizədin kəndlərdə keçirdiyi görüşlərdə fəal iştirak edən və çıxış edən şəxslər axşam saatlarında İcra Hakimiyyətindəki həmin otağa dəvət olunur və onlardan Əhməd Şahidova qarşı video təkziblər verilməsi tələb olunur. Əksər qaxlılar bundan imtina etsələr də, artıq bir-neçə şəxsin təzyiqlərə dözməyib analoji video təkzib verməyə məcbur edildiyi barədə məlumatlar var. Görünən odur ki, seçkinin nəticələrini gözləyən icra başçısı Musa Şəkiliyev deputatlığa namizəd Əhməd Şahidova qarşı kampramat toplamaqla məşğuldur. Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, icra başçısı seçkidən sonra Əhməd Şahidovun qohumlarına qarşı təzyiqlər göstərməyə, dövlət işində çalışan qohumlarının kütləvi işdən çıxarılmasına çalışır. Bu barədə açıq danışan Musa Şəkiliyev ötən gün nümayişkaranə şəkildə “Noyabrın 2-dən Əhməd Şahidovun qohumlarının qara günləri başlayır” deyib və hədə-qorxu gəlib.
OXŞAR XƏBƏRLƏR