Qazax rayonunun "Təzə məhəllə” adlanan ərazisində yaşayan sakinlər təcili tibbi yardım xidmətinə zəng edərkən problemlə üzləşirlər.
AZXEBER.COM xəbər verir ki, rayon sakini, bloger Cavanşir Rafiqoğlu bildirib ki, sözügedən ərazidən 103 xidmətinə edilən zənglər Qazax rayonuna deyil, Ağstafa rayonunun təcili tibbi yardım şöbəsinə yönləndirilir.
Onun sözlərinə görə, Ağstafanın təcili yardım şöbəsindən həmin əraziyə xidmət göstərmədikləri bildirilir və vətəndaşlar başqa telefon nömrəsinə yönləndirilirlər. Lakin təqdim edilən nömrə şəhər telefonu olduğundan mobil telefonunda balansı olmayan sakinlər zəng etməkdə çətinlik çəkirlər.
Bloger qeyd edib ki, problem Qazax şəhərinin Alı Mustafayev, Xəqani Şirvani və Səfərbəyov küçələrində yaşanır.
Cavanşir Rafiqoğlu bu gün səhər saatlarında ailəsinin də eyni vəziyyətlə qarşılaşdığını bildirib:
"Biz Alı Mustafayev küçəsində yaşayırıq. Səhər atamın halı pisləşib, beyin qanaması keçirib. Vəziyyəti çox ciddidir. Anam dərhal 103 xidmətinə zəng edib, lakin yenə eyni mənzərə ilə qarşılaşıb. Anam telefondan yaxşı istifadə edə bilən insan deyil. Məcbur qalıb səhər tezdən qonşulara müraciət edib ki, təcili tibbi yardım çağırsınlar”.
Bloger təcili tibbi yardım çağırmağın bu qədər çətin olmamalı olduğunu vurğulayıb:
"Telefonun balansında kontur olmasa, deməli, yıxılıb öləcəksən? Təcili tibbi yardım çağırmaq bu qədər çətin olmamalıdır. Canımız bu qədər ucuz deyil”.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Şahanə Ziyad









































