Qazaxıstan mətbuatı azərbaycanlı alimin çıxışından yazıb-FOTOLAR

Qazaxıstan mətbuatı azərbaycanlı alimin çıxışından yazıb-FOTOLAR
Bütün Xəbərlər
01:02 07.06.2015
1349
May ayının 21-23-də Qazaxıstanın Taraz şəhərində Qazaxstan dövlətçiliyinin 550 illiyinə həsr olunmuş “Böyük İpək yolu və Qazax xanlığı minilliyin astanasında” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Editor.az xəbər verir ki, Çin, Rusiya, Türkiyə, Polşa, Qazaxstan, Qırğızstan və başqa ölkə alimlərinin də qatıldığı konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov təmsil edib.
Konfransa “Azərbaycan və Qazaxstan ümumtürk mədəniyyəti sistemində: tarix və müasir dövr” adlı məruzə ilə qatılan azərbaycanlı alimin çıxışı Qazaxıstan mətbuatının diqqət mərkəzinə düşüb. Bu ölkənin bir çox televiziya kanallarına müsahibə verən T.Şahbazov qeyd edib ki, qədim zamanlardan günümüzədək Azərbaycan və Qazaxıstan xalqlarını təkcə yollar, körpülər, iqtisadi və ticarət əlaqələri deyil, həm də vahid dil, din, oxşar tarixi talelər və s. kimi qırılmaz mədəni-mənəvi tellər də birləşdirib: "Hər iki dövlət müstəqillik qazandıqdan sonra bu birlik daha da güclənmiş və artıq dövlətlərarası münasibətlərin əsas prinsiplərindən birinə çevrilməkdədir".
Qazaxıstanın nüfuzlu “Kazinform” Beynəlxalq xəbər agentliyi, “Əmək bayrağı”, “Cambul-Taraz” kimi ictimai-siyasi qəzetləri və başqa mətbu orqanları da azərbaycanlı alimin çıxışını geniş işıqlandırıblar.
OXŞAR XƏBƏRLƏR