Millət vəkili Qənirə Paşayeva AŞPA-da Gürcüstan baş nazirindən bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı addımlar atdığını soruşub.
AZXEBER.COM-un məlumatınba görə, bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili Avropa Şurası Parlament Assambleyasında çıxış edib və çıxışdan sonra AŞPA millət vəkillərinin suallarını cavablandırıb. Millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini diqqətə çatdırarq baş nazirindən bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı addımlar atdığını və atmağı planlaşdırdığını soruşub. Millət vəkili Qənirə Paşayeva deyib: "Cənab baş nazir mən ölkənizin ən böyük milli azlığı azərbaycanlılar da daxil olmaqla milli azlıqlarla bağlı sizdən soruşmaq istəyirəm. Baş nazir kimi,yeni hökumətin rəhbəri kimi Gürcüstan vətəndaşı olan azərbaycanlılar da daxil olmaqla milli azlıqların problemlərinin həlli istiqamətində hansı addımları atmağı düşünürsünüz.Siz Gürcüstan vətəndaşı olan azərbaycanlıların problemlərinin həlli istiqamətində bir sıra vədlər vermişdiniz. Həmin vədlərin yerinə yetirilməsi istiqamətində hansı addımlar atılır, hansı irəliləyişlər var?"
Gürcüstanın baş naziri Bidzina İvanişvili Strasburqda AŞPA sessiyasında millət vəkili Qənirə Paşayevanın sualına cavabında deyib:"Seçki prosesində mən Gürcüstanın bütün regionlarına səfər etdim. Bu səfərlər çərçivəsində etnik azərbaycanlı azlıqlar, eləcə də digər etnik grupların nümayəndələri ilə görüşlər keçiridim. Digər etnik azlıqlarla olduğu kimi, bizim azərbaycanlı milli azlığı ilə çox müsbət və dost münasibətlərimiz oldu. Etnik qruplar problemi mövcud deyil. Mən buna sizi əmin edə bilərəm. Dillə bağlı məsələyə gəldikdə, bununla bağlı Avropa Şurası ilə məsələlər oldu. Biz AŞ-nin Regional azlıqların dilləri xartiyasına dair öhdəliklər götürmüşük. Sizi əmin edə bilərəm ki, bizim yeni hökumətin tərkibində hər şeyi edəcəyik ki, onlar özlərini tam hüquqlu Gürcüstan vətəndaşı hesab etsinlər. Düşünmürəm ki, baş verənlər neqativ olsun, lakin mövcud olanları yaxşılaşdırmaq o cümlədən dillə bağlı zərurəti var. Biz hər şeyi edəcəyik ki, AŞ qarşısında üzərimizə götürdüyümüz öhdəlik və vəzifələri yerinə yetirək. Xatırlatmalıyam ki, dillərlə bağlı, etnik azlıqlar, regional dillərin qqorunması ilə bağlı ciddi problem yoxdur. Amma ölkənin dilinin öyrənilməsi ilə bağlı məsələlərdə problemlər var. Ölkənin dilinin öyrənilməsi cəmiyyətə tam inteqrasiya etməyə imkan verir. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik"-İvanişvili deyib.
Gürcüstan baş naziri Axısxa türklərinin öz vətənlərinə Gürcüstana geri dönüşü ilə bağlı sualları da cavablandırıb. O, bildirib ki, bu istiqamətdə üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklər.