Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirdiyi tədbirdə bildirib: “Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik”.Həsənov QHT-lərin müxtəlif fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut olduğunu qeyd edərək bildirib ki, QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır: “Bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir”.PA rəsmisi bu gün təşkil edilən görüşün tam şəffaf, səmimi bir şəraitdə keçiriləcəyini qeyd edərək bu sahədə Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazır olduğunu vurğulayıb: “Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydə alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir”. /Trend/