Ötən gün Salyanda yerləşən şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qızın toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Məlum olub ki, qızın 16 yaşı tamam olub və polis əməkdaşlarının müdaxiləsi ilə mərasimin keçirilməsinə imkan verilməyib.
Son illər Azərbaycanda qızların erkən yaşda ailə qurması cəmiyyətdə müzakirə olunan məsələlərdən biri olaraq qalır.
Xüsusilə bəzi rayonlarda yetkinlik yaşına çatmayan qızların ailə qurmağa məcbur edilməsi onların təhsilinə, gələcək karyerasına və sosial həyatına ciddi təsir göstərir.
Maraqlıdır, Azərbaycanda bəzi ailələr nə üçün övladlarını erkən yaşda ailə qurmağa sövq edirlər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, "erkən nikah” anlayışına bir qədər aydınlıq gətirmək lazımdır:
"Çünki qanunvericiliyə görə, müəyyən edilmiş nikah yaşına çatmayan şəxslərin nikaha daxil olması mümkün deyil. Məsələn, 16 və ya 15 yaşında şəxsin rəsmi nikaha daxil olması Azərbaycanda mümkün deyil və qanunla qadağandır. Belə hallarda nikah şəhadətnaməsi verilmir və aidiyyəti qurumlar bu cür nikahı rəsmiləşdirmirlər. Sadəcə olaraq, "erkən nikah” anlayışının əvəzinə "nikah yaşına çatmadan erkən evlənmə” ifadəsindən istifadə etmək daha düzgün olardı. Çünki erkən nikah qanunla qadağandır və ölkədə bu məsələ ciddi şəkildə qorunur. Qanunu pozan isə, bir qayda olaraq, ailə üzvləri və şəxslərin özləridir”.
Sosioloq bildirib ki, cəmiyyətimizdə hələ qədim dövrlərdən, ötən əsrlərdən belə patriarxal adətlər formalaşıb:
"Yüzillər əvvəl 12, 9 və 15 yaşlarında qızların ailə qurmasına razılıq verilən dövrlər olub. Təəssüf ki, hər bir cəmiyyətdə patriarxal adətlərin müəyyən mənfi xüsusiyyətləri bu gün də qalır. Bu, yalnız Azərbaycan cəmiyyətinə xas deyil. Məsələn, ən inkişaf etmiş Avropa cəmiyyətlərində belə patriarxal adətlərin müəyyən mənfi cizgilərinin bu gün də özünü göstərdiyi hallara rast gəlinir. Cəmiyyətimizdə də bəzi regionlarda, təəssüf ki, belə adətlər mövcuddur. Bu adətlər daha çox əvvəllər dini ənənələrdən qaynaqlanıb, sonradan isə cəmiyyətdə ənənəyə çevrilib. Yüzillər əvvəl formalaşmış həmin yanaşmaların elementləri, təəssüf ki, bu gün də bəzi ailələrdə qalmaqdadır. Bu ailələr həmin adətlərdən tamamilə yaxa qurtara bilməyiblər”.
H. İbrahimovun sözlərinə görə, erkən yaşda ailə qurmağa məcbur edilən qızların sosiallaşma imkanları da məhdudlaşır:
"Bu yaşda qızların düşüncə və sosiallaşma imkanları hələ tam formalaşmaya bilər. Ona görə də onların ailə qurmasına şərait yaradan valideynlərin məsuliyyəti məsələsinə daha ciddi yanaşılmalıdır. Əsas problem ondan ibarətdir ki, bəzi valideynlər qız övladını müstəqil sosial şəxsiyyət kimi deyil, yalnız ailə qurmalı və övlad dünyaya gətirməli olan biri kimi görürlər. Halbuki valideynlər övladlarının təhsil almasına, sosiallaşmasına və gələcəkdə müstəqil qərarlar verə bilən şəxsiyyət kimi formalaşmasına daha çox diqqət yetirməlidirlər”.
Fəridə Əsədzadə











































