Ukraynanın Dnepr şəhərində iş adamı Vladislav Sokolovun mülkündə keçirilən axtarışlar zamanı qızıl örtüklü dəbdəbəli interyer və terrariumda saxlanılan canlı timsah aşkarlanıb.
AZXEBER.COM Ukrayna KİV-ə istinadən xəbər verir ki, axtarışlar Kiyev vilayətində enerji obyektlərinin qorunması üçün nəzərdə tutulan müdafiə qurğularının tikintisi ilə bağlı korrupsiya araşdırması çərçivəsində aparılıb.
İstintaqın məlumatına görə, Sokolovla əlaqəli şirkətlər 1,89 milyard qrivnalıq müqavilələr əsasında tikinti işləri üçün metal tədarük edib.
Müqavilələrdə qiymətlərin süni şəkildə artırılması və 129 milyon qrivnanın mənimsənilməsi ehtimalı araşdırılır. İş adamı ittihamları qəbul etmir. O, əksinə, dövlətin şirkətinə bir milyard qrivnadan çox borclu olduğunu iddia edir.
Ukrayna Ali Radasının deputatı Aleksey Kuçerenko isə Kiyev vilayətində inşa edilən 26 müdafiə qurğusunun heç birinin tamamlanmadığını, tikinti işlərinin orta hesabla cəmi 55 faiz başa çatdığını bildirib.
Axtarışlar zamanı aşkarlanan timsah da diqqət çəkib. Sokolov heyvanı Odessa zooparkından 2500 dollara aldığını desə də, zoopark rəhbərliyi son 15 ildə heç kimə timsah satmadıqlarını açıqlayıb.
Qeyd edək ki, metal tədarükü sahəsində fəaliyyət göstərən Sokolov "Stal Plus” şirkətinin kommersiya direktorudur. Onun ofisində, mənzilində və Kiyevdə qaldığı otel otağında aparılan axtarışlar zamanı təxminən 48 min dollar nağd pul və müxtəlif sənədlər götürülüb.













































