Qızın yanındakı oğlanı öldürən ‘qəhrəman’ın güdazına gedənlər

Qızın yanındakı oğlanı öldürən ‘qəhrəman’ın güdazına gedənlər
Bütün Xəbərlər
12:05 18.10.2013
5278

Əfsələddin Ağalarov

Deyəsən vəziyyətimiz "rusca"dır. Ortalığı elə bir toz-duman bürüyüb ki, göz-gözü görmür. Ruslar “keçəl gədələr”i üstümüzə şığıdıb, əngimizi yaman əzişdirməyə çalışır. Bir sözlə, rus ruletində sıra bizdədir. Diyircəkdə 1 güllə var. Bu güllə ya bizim başımızda partlayacaq, ya da bizdən sonrakıların.

Əvvəlcə onu deyim ki, hansısa bir qızın yanında oğlanın ürəyinə bıçaq saplayana haqq qazandırmaq olmaz. Cinayətkarın milliyyəti, yeri, məmləkəti yoxdur. Ancaq ...

Ancaq məsələ bu qədər sadə deyil. Sadə düşünməyi bir kənara qoyub, məqsədləri analiz etmək lazımdır. Birincisi, bu günə kimi hər gün miqrantlar tərəfindən onlarla rus təhqir olunaraq döyülür. Həmçinin bu məmləkətdə hər gün qoluzorluların güdazına onlarla insan gedir. Bu ölkədə açılmayan cinayətlərin sayı, keçmiş SSRİ-dən qalan sənədlərlə birlikdə heç şübhəsiz Rusiyanın özü ağırlığındadır. Bəs, görəsən niyə məhz bu hadisə “ağa”nın qanını it qanına döndərdi? Məgər “OMON”çular saxlanılan cinayətkarların hamısınamı kameraların qabağında işgəncə verir ? Rusiyada ağlı başında biri yox idimi ki, onlara günahsızlıq prezumpsiyasını xatırlatsın? Onlar dünyanın bu görüntülərdən sonra səssiz qalacağınımı düşünürdülər?

Yadınızdadırsa, bu həmin Pyotrun nəvələri idi ki, həmyoldaşları, həmsirdaşları ermənilərin bir fərdini – Graçya Arutyunyanı qadın əlbisəsində məhkəməyə çıxarmışdılar. Bu həmin avtobus sürücüsü Arutyunyan idi ki, törətdiyi qəza nəticəsində 18 nəfərin ölümünə, 61 nəfərin isə yaralanmasına səbəb olmuşdu. Həmin dövrdə də dünya “insan haqlarından”, “günahsızlıq prezumpsiyası”ndan bir neçə gün danışdı. Ancaq ruslar bu təzyiqləri eyinlərinə də almadılar. Bildiklərini əl yeri qoymadan etdilər. Bu da hamıya görk oldu.

İndi isə həmin formada sıra bizə çatıb. Görünür, Rusiyanın istəklərini Ermənistan bu hadisənin ardından tam yerinə yetirdi. Bizə qarşı bir neçə fərqli siyasi oyunlar quran qonşumuzun istəyi Azərbaycana miqrantlarla bağlı ismarıc vermək və qorxu psixologiyası ilə vəziyyəti tam xeyrinə ələ almaqdır. Çünki 1 milyona yaxın miqranta qarşı hansısa sərt addımın atılması, kütləvi şəkildə həmyerlilərimizin ölkəyə qayıtmasına şərait yaradacaq. Bu isə bizim üçün iqtisadi problemlərin yaranması deməkdir.

Nəticə olaraq, indiki durumda Azərbaycan öz güclü siyasi duruşunu ortaya qoyub. Bu isə 18 oktyabr tarixində müstəqilliyimizin əbədi və toxunulmaz olduğunu bir daha bütün dünyaya göstərmiş oldu.

Artıq məmə deyənindən pəpə istəyəninə qədər hamı Rusiyanın məqsədlərini bilir. Azərbaycanın müstəqilliyinə əl uzatmaq və Gömrük İttifaqı layihəsinə qoşmaq. Bütün oyunların mərkəzində bu plan dayanır.

Bizim isə, yeganə alternativ yolumuz var. Bu məsələdə yalnız iradəmizi güclü saxlayıb, bütün təzyiqlərə əbədi olan müstəqilliyimizlə cavab verməliyik.

Bu şərəfli yolda hamımıza uğurlar!

OXŞAR XƏBƏRLƏR