"Qoyulan stend boğazımı çürütdü" - Kömək istədi

"Qoyulan stend boğazımı çürütdü" - Kömək istədi
SOSİAL
23:10 10.10.2026
199
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın yenidən əməliyyat olunmasına ehtiyac var.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial mediada paylaşım edən Ləman kömək istəyib:

"Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli birinci xanım Mehriban Əliyeva, mən Ləman Qulamova Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıyam. Hazırda əməliyyatlara görə səsim çox zəif çıxır, ona görə üzrlü sayın. Mən 21.11.2025-ci ildə Yasamalda baş verən yanğın zamanı çox ağır zədələr aldım, 10 gün komada yatdım, oyanandan sonra nəfəs borumda 2 sm fistul olduğunu öyrəndim. Buna görə mənə dayağı poladdan olan stent qoydular və o stent üç gün ərzində mənim boğazımı dağıtdı, yemək borumda da 8 sm fistul yarandı. Hazırda hər iki borumda da fistul var. Daha sonra yenidən stent qoyuldu, bu stent iki ay ərzində mənim boğazımda qaldı və infeksiya yaradaraq boğazımı çürütdü. Daha sonra əməliyyat etmək qərarına gəldilər və açıq əməliyyat edildi.

Hazırda mən ağızdan qidalana bilmirəm və jejunostomim çıxarıldığı üçün damardan qidalanıram. Yenidən toxuma köçrülməsi edilməlidir. Lakin artıq buna maddi gücümüz qalmayıb. İndiyə kimi yardımsevərlərin yaxınlarımızın, dostlarımızın köməyi ilə bu günlərə gəlmişik. Lakin artıq heç kimin gücü qalmayıb, bizim də gücümüz qalmayıb və mən artıq 10 aydır ki, ağızdan qidalanmıram. Ona görə də sizdən kömək istəyirəm. Xahiş edirəm mənim əməliyyatlarıma kömək edəsiniz".

Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Ləman əvvəl Bakıda müalicə alsa da sonradan onu müalicə üçün Türkiyəyə göndəriblər. 
 

OXŞAR XƏBƏRLƏR