Xəbər verdiyimiz kimi bu gün səhər Quba rayon İcra Hakimiyyətinin binasının qarşısında 10 minədək adam toplaşıb. Onlar “qubalılar öz rayonlarını da satıblar, özlərini də” deyən icra başçısı Rauf Həbibovun təhqiramiz fikirlərindən hiddətləniblər.
Mitinqçilər Həbibovun istefasını tələb edir və İcra Hakimiyyətinin binasının qapı-pəncərələrini sındırırlar. AZXEBER.COM qubalılara hiddətləndirən şəxs Rauf Həbibovun avtobioqrafiyasını təqdim edir.
Rauf Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ tikinti materialları kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat və Mühəndislər İnstitutunu bitirmişdir. 1989-cu ildə TQQ-376-da tikinti ustası, 1990-cı ildən Bakı Tikinti Konstruksiyaları Kombinatında tikinti ustası, 1991-ci ildən «Günəş» kiçik müəssisəsinin direktoru, 1993-cü ildən «Müstəqil Balbelan» müəssitsəsinin direktor müavini vəzifələrində işləyib. 1996-cı ildən TQQ-781-də iş icraçısı, 1999-cu ildən 1 saylı İM-nin baş mühəndisi işləyib. 2007-ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.Xatırladaq ki, “Youtube” video portalında Quba rayonunun icra hakimiyyətinin başçısı Rauf Həbibovun videosu yayılıb.
Video 21 noyabr 2011-ci ildə H.Əliyev Mərkəzində keçirilən toplantıda çəkilib. Rauf Həbibov deyib: “Qubalılar Qubanı satıb, 30-40 manat bazarlığa satıblar. Müəyyən nankor Qubalılar tərəfindən satılıb. Solunuza, sağınıza baxın, görün hansı insanlarla bir yerdə oturursunuz. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb... Gedib müəyyən qruplara qoşulur, ağzına gələni danışır, nə var, nə var evinə 30-40 manatlıq bazarlıq gətirirlər...”.