Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğuna yönəlmiş strateji kursun Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi nəticəsində regionun lider dövlətinə çevrilən respublikamız sürətlə inkişaf edir, beynəlxalq nüfuzu artır. Prezidentin yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd etdiyi kimi, ölkəmiz üçün ötən il də çox uğurlu olub.İqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunub.Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.O. qeyd edib ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb.Onun sözlərinə görə, hesabat dövründə Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i ağır və xüsusilə ağır növ cinayətlər olub”.R. Abbasovun sözlərinə görə, cinayətlərin sayi 14,1% (1.597 fakt), şəxsiyyət əleyhinə olanlar 22,1%, mülkiyyət əleyhinə olanlar 16,1% azalıb və bu müsbət təmayül, əsasən, şəxsi əmlak və mənzillərdən edilən oğurluqların azalması hesabına baş verib: “Hesabat dövründə ümumən cinayətlərin açılması 5,3%, onların ağır və xüsusilə ağır növlərinin açılması 7,9% yaxşılaşmış, şəxsiyyət əleyhinə törədilmiş 2.468 cinayətdən 96,4%, o cümlədən 69 qəsdən adamöldürmənin 94,9% və 34 adam öldürməyə cəhdin hamısı açılıb. Bu müddətdə 65 soyğunçuluq və quldurluq törətmiş 122 nəfərdən ibarət 49 qrup, eləcə də 117 mənzil oğurluğu törətmiş 74 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilmiş, habelə keçmiş illərdən bağlı qalmış 252 cinayət açılıb”.Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər məsuliyyətə cəlb olunub, onlardan 204 kiloqram narkotik vasitə götürülüb, 30 nəfərdən ibarət 14 qrup ifşa edilib.Baş İdarənin rəisi işdə mövcud olan nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.Məruzə ətrafı çıxışlarda struktur qurumlarının və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, qeyd edilmiş qüsurların və çatışmazlıqların gələcəkdə təkrarlanmaması üçün planlaşdırılan təşkilati tədbirlər haqda məlumat veriblər.Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov vurgulayəb ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, yol verilmiş qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları əvvəlki illə müqayisədə xeyli azalıb.Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərib. Eyni zamanda qeyd edib ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən bütün lazımi şərait yaradılıb, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar: “Bu ali etimada cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir”.