Xəbər verdiyimiz kimi, ASAIF növbəti yay forumuna hazırlaşır.
ASAIF-in sədri Ramin Həkimov forumla bağlı AZXEBER.COM-a geniş müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Ramin, mümkünsə ASAIF-in Bakı forumu haqda məlumat verərdiz. Bu forumun digərlərindən fərqi nə olacaq?
- ASAİF-in bu il 30 Avqust - 1 Sentyabr 2013-cü il tarixlərində keçiriləcək yay forumu sayca XI-dir. Bu forumda iştirak üçün hazırda 40-a yaxın ölkədən 900-dən artıq sənəd qəbulu olmuşdur və ərizə qəbulu üçün son vaxtın bitməsinə saatlar qalıb. Bu yay forumu digərlərindən bir çox faktoru ilə fərqlənir.
Birincisi ona görə ki, forumun iştirakçı baxımından sayı 600 və ondan daha artıq olacaq. Bu artıq həcmin və kütlənin böyüklüyündən və təşkilata olan marağın günü-gündən daha güclü olduğundan xəbər verir.
İkincisi ona görə ki, forumun formatında bir neçə dəyişiklik var. Məsələn, ən böyük dəyişiklik odur ki, indiyədək keçirilən yay forumları bir gün paytaxtda rəsmi hissə ilə başlayır, bir gun isə Vətənin səfalı guşələrinin birinə ziyarət ilə qeyri-rəsmi hissə ilə başa çatırdı. Lakin, builki forum Alov Qüllələrində yerləşən “Fairmont Baku Hotel”də iki rəsmi gün olmaqla baş tutacaq və qeyri-rəsmi hissə isə rayonlardan birinə iştirakçıların səfəri ilə başa çatacaqdır. Yəni qısacası, forum iki yox, üç gün keçiriləcəkdir.
Üçüncüsü, bu forum digərlərindən qonaqlarının iştirak və çıxışçıların daha çox olması ilə fərqlənir. Panel müzakirələri zamanı bir neçə nazir, bir çox dövlət orqanı və agentliklərin rəhbərləri, özəl şirkət və korporasiyaları təmsil edən rəhbərlər, müxtəlif fondların rəhbərlikləri, millət vəkilləri, rektorlar, xaricdə ən yaxşı universitetləri bitirib hal-hazırda Bakıda olan və cəmiyyətdə önəmli məqam tutan gənclər, KİV nümayəndələri, təşkilat rəhbərləri və bir çox parlaq insan iştirak edəcəkdir. Bu da təşkilata olan inam ve etibarın, təşkilatın fəaliyyətinə isə olan səmimi təqdirin nümunəsidir.
Dördüncüsü və önəmli məqamlardan biri də odur ki, bu forumu daha çox formallıqdan kənar, daha səmimi platformada edirik və ən əsas faktor olaraq bu forumda gəncləri dinləmək üçün rəsmilər müzakirələrə qoşulacaqlar. Bu forumu əsas fərqləndirən xüsusiyyətlərdən biri odur ki, gənclər suallarına cavab tapacaq, öz həyatlarını bundan sonrakı mərhələdə formalaşdıra biləcək, yeni tanışlıqlar əldə edərək təmsilçilik yolunda önəmli töhfələr verə biləcəklər.
Beşincisi, heç də hər insan xaricdə məzun olduqdan sonra və ya təhsil aldıqları dövrdə Azərbaycana qayıdaraq bir neçə nazirlə görüş, bir çox rəsmi ilə bir səhnədə görüşmək, özünü ifadə etmək, işlə təmin olunmaq şansını əldə edə bilmir. Bu forum gənclər üçün bu şəraiti yaradır və yaratmaqda davam edəcək.
Altıncısı, forum ona görə fərqlənir ki, müzakirə olunacaq mövzular fərqli və daha maraqlıdır və daha gənc ruhlu rəsmilərin qatılımı ilə olacaq forumda gənclərə söz veriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi yeni strategiyada, "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsil üzrə Dövlət Proqramı” müzakirə ediləcək və rəylərini bildirmələri üçün gənclər arasında sorğu keçiriləcək və bu sorğuların nəticəsinə uyğun olaraq bütün fikirlər toplanacaq və təkliflər paketləşdirilərək nazirliyə təqdim olunacaqdır.
Yeddinci, əsas fərqlərdən biri odur ki, bu il "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsil üzrə Dövlət Proqramı"na əsasən xaricdə təhsil şansını əldə edən bütün gənclər seçim proseslərindən azad olaraq, yəni ərizə formalarını göndərmədən birbaşa olaraq foruma dəvətlidirlər və onlar məzunlarla təcrübə mübadiləsindən yararlanacaq və diaspora-lobbiçilik fəaliyyətləri ilə tanış olacaq və Azərbaycanı xaricdə təmsil etməyin üsullarından faydalanacaqlar.
- Forumdan gözləntiləriniz nədir?
- Forumdan gözləntilər çoxdur və bu gözləntilər çox müxtəlifdir. Biz komanda olaraq inanırıq ki, bu forum digərlərindən fərqlənəcək və öz töhfəsini uzun müddət üçün verəcəkdir. Xüsusilə, təhsil sahəsində aparılacaq müzakirələr və gənclərə bu sahədə özlərini ifadə etmək üçün şansın verilməsi çox önəmlidir. Xüsusilə, bu il xaricdə təmsil almağa yollancaq gənclər üçün bu, böyük bir təcrübədir, lazımlı bir məktəbdir. Həm onların psixoloji hazırlığı, həm mənəvi cəhətdən bu forumda zənginləşmək və dövlətin onlara dəstəyini hiss etdirmək, məzunlarla tanışlıqların qurulması və diaspora-lobbiçilik faəliyyətində olan uğurların gənc tələbələrlə bölüşülməsi onlar üçün böyük bir stimul olacaq və Azərbaycanın xaricdə təmsilinə önəmli qatqı olacaqdır.
- Çox vaxt ASAİF-in forumlarına müraciət edən, ancaq sonradan forumda iştirak edə bilməyən gənclərdə narazılıqlar yaranır. Onlara nə demək istərdiz?
- Narazılıq həmişə var və olacaqdır. Narazılıq və tənqid olmalıdır ki, fəaliyyət analiz olunsun, sistematik baxışlar keçirilsin və lazımı qərarlar verilsin, lakin bu narazılıqlar məntiqə söykənən, haqlı və ədalətli narazılıqlar olmalıdır. Əgər sənəd boş göndərilirsə, lazım olan bəndlər doldurulmursa, xaricdə təmsilçilikdə heç bir faəliyyət olmayıbsa, göstərilən kriteriyalara uyğunluq pozulursa, xaricdə təhsil alan və məzun olan gənclər üçün bilindiyi halda yerli universitetlərdə təhsil alan gənclər müraciət edir və nəticədə seçilmədiyini gördüyü anda sosial şəbəkələrdə tüğyan qaldırırsa, bu forumlarda dəfələrlə iştirak edib və bu dəfə şansını yeni gənclərə vermək istəməyən bir qrup varsa, ölkələr və şəhərlər üzrə biz tarazlığı saxlamaq istəyiriksə, hər kəsə bərabər şans vermək istəyiriksə, təbii ki, etirazlar da olacaq, tənqidlər də olacaq, narazılıqlar da olacaq. Seçim prosesinə təşkilat komitəsi baxır və qərar birlikdə verilir. Narazılıq olacaqsa, əlbəttə ona qarşı veriləcək uyğun bir cavab da vardır.
- Forumda 600 nəfər gənc iştirak edəcək. Bu günə qədər də ASAİF-in forumlarında yüzlərlə gənc iştirak edib. Forumlarda da çox maraqlı panellər olub. Bir sözlə, bu günə qədər gənclərə verdiyinizi geri ala bilmisizmi?
- Səmimi deyim, bəzən gənclərdən istəniləni almaq olmur. Keçmiş forumlarda əldə olunan təcrübələr göstərir ki, simalar dəyişşə də, bəzən suallar dəyişmir və bu, məlumatsızlıqdan, xəbərləri izləməməkdən və az oxumaqdan irəli gəlir. Bəzən daha kreativ, fərqli sual və təkliflərə ehtiyac duyularkən təkrarlara üstünlük verilməsi bizim arzu etdiklərimizi tam ifade edə bilmir. Ona görə də, bu forumda demək olar ki, söz gənclərindir, ona görə də müxtəlif layihələr də keçiriləcək ki, forum zamanı gənclər aktiv və təşəbbüskar olsunlar və bu forumdan öz karyeraları üçün faydalansınlar. Çünki bu forumun əsas şüarı “Bizim Forum, Bizim Seçim, Bizim Gələcək”dir.
Ona görə də, gənclər bu foruma qatılmaqla, bu forumu seçməklə və gələcək naminə çalışmaqla öz gələcəklərini quracaqlar. Sonda bir fərqliliyi də deyim ki, bu da forumun başlanğıcı ilə əlaqədardır. ASAİF-in XI Yay Forumu sadəcə iştirak hüququ əldə edənlərin qatılımı ilə, səhər saat 9:00-da Fəxri Xiyabanı və 31 Avqust Qubadlının ermənilər tərəfindən işğalının 20-ci il dönümü ilə əlaqədar şəhidlərimizi yad etmək niyyəti ilə Şəhidlər Xiyabanı ziyarəti ilə başlayacaq.
Hacıbəy Heydərli