Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vətənə xəyanət və digər ağır cinayətlərlə ittiham olunur. Son günlər mətbuatda Mehdiyev əleyhinə açıqlama verən şəxslərin sayı xeyli artıb. Onun haqda tənqid fikirlər söyləyən bəzi şəxslərin daha sonradan vaxtilə mədhiyyələri də medianın gözündən qaçmayıb. Bununla yanaşı, Ramiz Mehdiyev vəzifədə olanda belə çəkinmədən sözünü deyən YAP-çılar da olub.
Sabiq millət vəkili və Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca məhz onlardan biridir.
Mövzu ilə bağlı AZXEBER.COM Xeyrəddin Qocadan müsahibə alıb.
- Xeyrəddin müəllim, Ramiz Mehdiyevin həbsi ilə bağlı nə düşünürsünüz?
- Biz onu heç vaxt saymamışıq. 2000-ci ildən bəri onunla bağlı felyetonlar yazırıq, çıxışlar edirik. Mən onunla bağlı dəfələrlə fikrimi demişəm. Ramiz Mehdiyev yaramaz adam olub.
- Bir vaxtlar Ramiz Mehdiyevə "biət edənlər” bu gün onu qamçılamaq üçün növbəyə durublar. Onlara necə baxırsız?
- Hazırda Ramiz Mehdiyevin arxasıyca danışan bir sıra jurnalistlər, deputatlar və dövlət adamları vaxtilə ondan qorxurdular. Ramiz Mehdiyev insan deyil, onda insan qanı yoxdur. Ramiz Mehdiyevə necə hörmət etmək olar? "Feysbuk"da satirik yazı oxudum ki, yaltaqlar qurultayı keçiriləcək. Başqa biri də şərh yazıb ki, qurultay harada olacaq. Mən də cavab yazdım ki, ünvan Azərbaycan. Yəni Azərbaycanda o qədər simasız adamlar var ki, məhz xalqımızı onlar məhv edirlər. Onların sayı-hesabı yoxdur.
- Eyni zamanda 91-lərin üzvüsüz. Ramiz Mehdiyev 91-lərə qarşı sərt mövqedə olub. Sizə qarşı hansısa təzyiqlər edibmi?
Məni 23 il işsiz qoyan Ramiz Mehdiyev olub. Onun əleyhinə yazdığım üçün məni görməyə gözü yox idi. Mən hər yerdə onun əleyhinə danışırdım. Mənə qarşı həmişə təzyiq olub. Sadəcə olaraq, mənimlə bacara bilmirdi. Heydər Əliyev olmasaydı, bizi həbsxanada çürüdərdi.
- Vətənə xəyanətdə ittiham olunur. Siz onu həmişə tənqid etmisiniz. Onun belə fəaliyyətləri haqqında məlumatınız olubmu?
- Mən onun dövlətə xəyanət etdiyini 20-30 il bundan əvvəl demişəm. Bu haqda TV-də çıxışlarım olub, qəzetlərdə yazmışam. Onun bütün hərəkətləri dövlətə xəyanət idi. Onun vəzifəyə adam gətirməsi, özünü ikinci şəxs kimi aparması dövlətə xəyanət deyilmi? Ramiz Mehdiyev heç vaxt ikinci şəxs olmayıb. İkinci şəxs Milli Məclisin sədri, Baş nazir olub. Daha sonra isə Mehriban xanım Əliyeva olub.
- Özünüz də qeyd etdiniz ki, vəzifəyə adamlar gətirib. Hazırda dövlət strukturunda onun komandasından kimsə varmı?
- Onun komandasının 60-70 faizi hazırda da dövlət strukturunda çalışır. Mən tanımadığım üçün ad çəkmək istəmirəm. Onun iyrənc komandasından dövlət qurumlarında olan şəxsləri istintaq müəyyənləşdirəcək.
- Sizcə, YAP-da dəyişiklik etmək zamanı deyilmi? Ramiz Mehdiyev ilə bağlı nə vaxt qərar veriləcək?
- YAP-dan Ramiz Mehdiyevi qovacaqlar. O, YAP-dan çoxdan qovulmalı idi. Onu qovmaq üçün gecikiblər. Ramiz Mehdiyev Veteranlar Şurasının üzvüdür. Mən də həmin şuranın üzvüyəm. Onu Veteranlar Şurasından da qovacağıq.
Şahanə Ziyad











































