Razi Nurullayev millət vəkillərinə "internetdən istifadə edin" dedi
Bütün Xəbərlər
01:18 21.11.2011
1213
AXCP sədrinin müavini Razi Nurullayev bloqunda Azərbaycan parlamentarilərinin internetdən daha fəal istifadə etməsinin və seçicilərinin suallarına cavab verməsinin vacibliyini vurğulayıb. O deyib ki, “internet insanlar arasında daha asan ünsiyyət vasitəsidir. Internet vətəndaşlar və məmurlar arasında bir körpü rolunu oynaya bilər və demək olar ki, bütün sədləri aradan qaldırmaq iqtidarındadır. Elektron hökumət layihəsi çərçivəsində deputatlarla seçicilər arasında olan sədd də aradan qaldırılmalıdır. Seçici deputatına istənilən sualı vermək və cavab almaq hüququna malikdir. Bunun üçün də sosial şəbəkə statusu daşıyan FormSpring platformasından istifadə oluna bilər (www.formspring.com). Artıq bir çox ölkələrin məşhur siyasətçiləri, parlament üzvləri və rəsmi şəxsləri bu platformada səhifələrini yaradaraq, canlı rejimdə vətəndaşların suallarını cavablandırırlar. Bu platforma, sanki, məhz elə belə bir məqsəd üçün yaradılıb. Mobil operatorlar tərəfindən sürətli 3G texnologiyasının tətbiqi də belə bir xidmətin hamı üçün əlçatan olmasına şərait yaradır”.R.Nurullayevin sözlərinə görə bir çox parlament üzvləri seçicləri qarşısında hesabatlılıq daşımırlar. Seçicilər problem və təkliflərinin parlament tribunasında qaldırılması arzusundadırlar. Əlbəttə, ayrı-ayrı seçicilərin sosial problemlərini həll etmək parlament üzvlərinin səlahiyyətinə daxil deyil. Amma, vətəndaşların elə problemləri var ki, onlar ictimailəşməlidir.