İspaniyanın "Real Madrid” klubu Fransa "Tuluza”sının gənc və perspektivli qapıçısı Giyom Restin xidmətində maraqlıdır.
Bu barədə məşhur insayder Ekrem Konur məlumat yayıb.
Məlumata görə, "Kral klubu” 21 yaşlı fransalı qolkiperi gələcəkdə Tibo Kurtuanın əsas əvəzləyicisi və varisi kimi nəzərdən keçirir. Gənc qapıçının ehtimal olunan transfer dəyəri 18 milyon avro qiymətləndirilir. Giyom Rest 2023-cü ilin yayından "Tuluza”nın şərəfini qoruyur və onun mövcud müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Digər tərəfdən, Tibo Kurtuanın "Kral klubu” ilə hazırkı müqavilə müddəti 2027-ci ilin iyununda başa çatır. Yeni qapıçı axtarışlarına baxmayaraq, Madrid təmsilçisi ilə 32 yaşlı belçikalı əlcək sahibi müqavilənin daha bir il uzadılması barədə şifahi razılığa gəliblər.
Bu razılaşmanın nəticəsi olaraq təcrübəli qolkiperin ən azı 2028-ci ilin yayına qədər komandada qalacağı gözlənilir.
///qafqazinfo///











































