AZXEBER.COM portal Milli Məclisin (MM) İnsan Hüquqları Komitəsinin sədri, professor Rəbiyyət Aslanovanın Publika.Az-a verdiyi müsahibəni olduğu kimi təqdim edir. - Rəbiyyət xanım, sizə də məlum olduğu kimi, Ümümdünya İnsan Hüquqları Bəyannaməsi 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunub. 1950-ci ildən isə başlayaraq 10 dekabr dünyada “İnsan hüquqları günü” kimi qeyd edilir. Bu baxımdan, insan hüquqları ilə məşğul olan bir şəxs kimi bu günün önəmi və əhəmiyyəti barədə nə deyərdiniz? - Bilirsiniz, insan hüquqları anlayışının geniş müzakirə predmetinə çevrilməsi, dillərdə əzbər olması o demək deyil ki, hər kəs bu fenomenin mahiyyətini və mənasını dərk edir. İnsan hüquqları ideyası - daha iki ideya - XVIII əsrin azadlıq və XIX əsrin bərabərlik ideyalarından sonra bəşər həyatına fundamental təsir göstərən 3-cü ideya kimi qəbul edilir. Onların təkamülünə tarixin fəlsəfəsi aspektindən baxanda, birincinin inqilab dalğası və xaosunu yaratdıqdan sonra siyasi quruluşun mühafizəkar formalarının bərqərar olmasını şərtləndirməsi baş verib. Bərabərilk ideyasının mütləqləşdirilməsi və siyasi təcəssümü tarixinə gəldikdə isə bu daha çox qan tökülməsi, bolşevizmin tarix səhnəsinə gəlməsi, bir neçə nəslin həyatında öz ağır izlərini qoyması ilə yadda qalıb. Bunları sadəcə, ona görə xatırladıram ki, özlüyündə götürülən və mütləqləşdirilən heç bir ideya bəşəriyyəti xilas edə bilməz. Təbii ki, qeyd edilənlərlə müqayisə edildikdə insan hüquqları ideyası doğrudan da, bəşəriyyətin əksəriyyətinə hüquq çərçivəsində azadlığı və qanun qarşısında bərabər imkanları təmin etməklə nadir xüsusiyyətə malikdir. İnsan hüquqları sahəsində əsl inqilab illəri XX əsrin 60-cı illəri olub. Bu dövrdə Qərbi Avropa ölkələri öz müstəmləkələrindən imtina, ABŞ-da isə Ali Məhkəmə insan hüquqlarının təminatı üçün məmurların rəsmi sanksiyalaşdırdığı irqi-ayrı seçkilik hallarına qarşı aparılan “inqilaba başçılıq” edib.Yeri gəlmişkən, söhbət cəmi 50 il bundan əvvəl gedən proseslərdən gedir və bu baxımdan, bu gün yeni demokratik, hüquqi dövlət quran ölkələrə münasibətdə çox yüksək tələblər irəli sürüldüyünü nəzərdən qaçırmayaq. Digər tərəfdən, unutmaq olmaz ki, “soyuq müharibə” dövründə insan hüquqları ideoloji qarşıdurmanın, hazırda isə geosiyasi maraqların təmin olunmasında alətə çevrilib. Bu özünü istər məşhur “ikili standartlar”da, istər insan hüquqlarının dəyərləndirilməsi reytinqlərində, istərsə də, ümumiyyətlə, beynəlxalq münasibətlərdə göstərməkdədir. Bununla belə, Ümumdünya İnsan Hüquqlarına dair Bəyannaməsinin dövri olaraq keçirilən yubileyləri, onun ruhuna və ideallarına yaraşmayan, hətta, kəskin ziddiyyət təşkil edən hallarla müşayiət edilməkdədir. İnsanın dövlət qarşısında və yaxud, əksinə qarşılıqlı öhdəlikləri mövcuddur. Birtərəfli götürüldükdə individualizm də, etatizm də qüsurludur. Hüquq azadlığın norması kimi o deməkdir ki, insanın hüquqları mütləq deyil və onun hüdudları başqasının azadlıq və hüquqlarına qədərdir... - Yəni, birinin təminatı digərinin pozulmasına səbəb ola bilməz... - Tamamilə, doğrudur. Eyni zamanda, bütün fəaliyyət və məramlar qanun və hüquq çərçivəsində aparılmalıdır. Başqa sözlə, azadlıq hüquq normalarını pozmaq üçün istifadə edilməməlidir. Bəzən bunu hüquq və demokratiyanın paradoksu da adlandırırlar. Bəzi hallarda insan hüquqlarının tam təminatı üçün həmin hüquqların məhdudlaşdırılması halları da tətbiq edilir. İnsanın müdafiəsi üçün insan hüquqlarının məhdudlaşdırılması 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-da və bir sıra Avropa ölkələrində antiterror tədbirləri çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının məhdudaşdırılmasını nəzərdə tutan qanunlar qəbul edilib. Bu telefon danışıqlarının dinlnilməsinə, bank sirlərinin məhdudlaşdırılmasına, fərdi informasiya məlumatları sisteminin yaradılmasına və sairə aiddir. Bu, dünyada terrorizmin və mütəşəkkil cinayətkarlığın getdikcə artan təsirinə reaksiyadır... - Lakin burada da belə bir əsas sual yaranır: hara qədər getmək olar? - Məşhur amerikalı alim, hüquq müdafiəçisi Alan Derşovits özünün “Terrorozm nə üçün işləyir?” adlı kitabında terroristlərin mənsub olduqları dinə, etnosa, ailələrə qarşı kollektiv qisasçılıq prinsipini tətbiq etməyə, immiqrasiyanın sayını kəskin azaltmağa, xüsusən də, dünyanın məlum regionlarından gələnlərin qarşısını almağa çağırır. Belə baxışlar getdikcə daha çox ölkələrə yayılır. Siyasi mübarizə aparan qüvvələrin şüarlarına çevrilir. Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin hansı tarixi şəraitdə qəbul edildiyini isə heç vaxt unutmaq olmaz. Onun qəbul edilməsini bəşər tarixində ən qanlı müharibə olan İkinci Dünya Müharibəsinin sona çatmasından cəmi 3 il ayırırdı. Yaxud, nəinki insan hüquqlarının, ümumiyətlə, insanın üstündən xətt çəkən faşizm üzərində Nürnberq məhkəməsindən cəmi 2 il keçirdi. Yəni, nəyi diqqətə çatdıraq istərdim: Bəyannamə ilk növbədə fundamental insan hüquqlarının ən ağır şəkildə pozulmasına, insanın həyat və yaşam hüquqlarına qəsd edən müharibə cinayətlərinin təkrar olunmamasına reaksiya kimi ərsəyə gəlib. O gələcəkdə də - ilk baxışda qanunla seçilmiş bir hakimiyyətin çoxluq, əksəriyyət adından insanlığa qarşı cinayət törətmək kimi situasiyanı yaratması təhlükəsinin aradan qaldırılmasında ən mühüm vasitə kimi meydana gəlib. - O da var ki, bəşəriyyətin tarixində dövri olaraq baş verən humanitar fəlakətlərin yox edilməsi əsas məqsədlərdən olsa belə, hələ arzu kimi qalır... - Elədir ki, var. Əks təqdirdə kimin ağlına gələ bilərdi ki, Bəyannamənin qəbul edilməsinin 40-cı ildönümündə -1988-ci ildə Ermənistan dövləti işğal və təcavüz siyasəti nəticəsində Azərbaycana hücum edəcək, dinc sakinləri gülləbarana tutacaq, doğma yurdlarından didərgin salacaq, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı və dünyanın ən uzun sürən, bu gün də davam edən müharibələrindən biri baş verəcək. Dünya birliyi Bəyannamənin ildönümündə onun yaranmasının başlıca səbəblərini xatırlamalı, müharibə və işğal siyasətini hələ də davam etdirən dövlətləri pisləyən mövqelərini ortaya qoymalıdır. Bu gün, 2012-ci i dekabrın 10-da, Azərbaycana qarşı artıq 24 ildir ki, davam edən işğalçı müharibə faktı və təcavüzkar ordunun ərazilərimizdən çıxarılmaması, 1 milyon qaçqın və məcburi köçkünün fundamental hüquqlarının hələ də təmin edilməməsi, günahkarların hələ də tapılıb cəzalandırılmaması - İnsan Hüquqlarına dair Bəyannamənin qəbulunun əsas səbəblərinə hələ də biganəliyin olmasının göstəricisidir. Söhbət 1-2 nəfərin deyil, 1milyon insanın taleyindən gedir. Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin ideya və prinsipləri beynəlxalq münasibətlərin məzmunu və xarakterini dəyişib. Məhz qeyd etdiyim bu biganəlik Bəyannamənin ruhuna hörmətsizlik olmaqla bərabər, ona olan inamın da sarsılmasını şərtləndirir. Həmçinin, bu hüquqların təminatında “ikili standartların normaya”, “cəzasızlıq” sindromunun ənənəyə çevrilməsinə və yeni-yeni ayrı-seçkilik formalarının tətbiq edilməsinə imkan yaradır. Müasir dünyada “sülhə məcbur etmək”- hüquqların təminatının nisbətən yeni sahəsi kimi, sülh yaradıcılığı və preventiv diplomatiya ilə yanaşı, lokal münaqişələrin həllində tətbiq edilir. “Sülhə məcbur etmək” əməliyyatları-beynəlxalq sülhyaratma fəaliyyətinin ən radikal forması hesab edilir. Belə əməliyyatlar adətən BMT-nin Təhlükəsizlk Şurası tərəfindən sanksiyalaşdırılır... - Rəbiyyət xanım, lakin hazırkı gerçəklikdə müxtəlif dövlətlər özlərinin “sülhyaradıcı statusu”nu özləri müəyyən edirlər... - Fikirlərinizlə şərikəm. BMT Təhlükəsizlk Şurasının Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmasına dair qətnamələri isə hələ də kağız üzərində qalır. Eyni zamanda burada bir məqama da toxunum ki, insan hüquqlarının hazırkı fəlsəfəsi və gələcək perspektivləri onun mahiyyətinə daim yenidən baxılmasını tələb edir. XXI yüzillik qarşımızda çox mürəkkəb vəzifələr qoyur. İnsan hüquqları yalnız hüquq və yalnız sadəcə insan məsələsi deyil. Bu baxımdan, XXI yüzillik həm insan hüquqlarının zəfəri əsri də ola və əksinə, bunun tamamilə əksinə də çevrilə bilər. Hər dəfə sual verilməlidir: insan, vətəndaş kimdir? Onun hüquqlarının olması üçün ilk əvvəl o azad, müstəqil ölkədə yaşamalıdır. Onun sabit ölkədə və təhlükəsizlik şəraitində yaşaması, sosial rifahı və hüquqları dövlət tərəfindən təmin edilməlidir. Dünyada heç də bütün ölkələri insan hüquqlarının təminatı baxımından ideal hesab etmək olmaz. Lakin heç bir vəchlə unutmaq olmaz ki, insan hüquqlarının müdafiəsi adı altında geosiyasi maraqlar təmin edilir və axırda bu məsələyə heç cür aid edilə bilməyən qanlı hadisələr baş verir, yaxud, hakimiyyəti hüquqlardan anlayışı olmayan qüvvələr əvəzləyir. Bu abstrakt prinsiplər adından real insan həyatına biganəlik deməkdir. İnsan hüquqları haqda qayğı özünün mahiyyətindən, əsasa məzmunundan-insaniyyətlikdən (humanizmdən) məhrum olmaq mənasına çevrilir. Son dövrdə “insan hüquqları” anlayışının cəlbediciliyi onun demək olar ki, dəyərdən düşməsinə səbəb olub. Yalnız hüquqların deyil, istənilən maraqların, tələblərin irəli sürülməsini doğrultmaq üçün bu anlayışın tətbiq edildiyini görürük. Razılaşaq ki, istənilən şəxsin digərinə qarşı iddiası və ya rəyi, bütün tələbatlarını ödəmək istəyi mütləq “insan hüquqları” ilə bağlı hesab edilə bilməz. Hüquq və tələbatların qarışdırıldığı yerdə ziddiyyətlər başlayır. Bu hallar dünyanın bütün ölkələrində mövcuddur və insan hüquqları konsepsiyasını gözdən salır. Ona cavab kimi skeptisizmi yaradır.İnsan hüquqları bütün tələbatlara aid deyil və yalnız fundamental hüquqlara-həyat və təhlükəsizliklə bağlı ehtiyaclara aiddir. Əksər hallarda demokratiya ilə insan hüquqları eyniləşdirilir və bu da olduqca, bəsit yanaşmadır. Demokratiya bütün cəmiyyət üçün məcburi siyasi olan davranış formalarının, hüquqların əksəriyyətin, çoxluğun qəbul etdiyi qərarlarla həll edildiyi üsuli- idarədir. İnsan hüquqları ehtiyaclardan azad olmaq hüququdur. Prezident Franklin Ruzveltin bəyan etdiyi dörd azadlıq növündən ən mühümü- ehtiyatladan azadlıq, yəni, sosial hüquqların təmin edilməsi idi. Bəhs edilən İnsan hüquqları Bəyannaməsində də sosial hüquqlar birinci dərəcəli əhəmiyyətə malikdir. Burada qeyd edildiyi kimi, sosial hüquqlar elə hüquqlardır ki, hər bir iştirakçı dövlət onların təmin etmək öhdəliyini üzərinə götürür. Hazırda Qərbin məşhur tədqiqatçı alimləri hesab edirlər ki, inkişaf etmək hüququ insan hüquqları ilə müqayisədə prioritet olmalıdır. Beləliklə, insan hüquqları dünyada hər bir cəmiyyətin ümumi mənafeyi və xoşbəxtliyi üçün nə yeganə, nə də kifayət hesab ediləcək şərtdir...